Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, mayın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 380 m3/s olmaqla ongünlük normanın 55 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 485 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 156 m3/s təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 10, Salyanda 7, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 365 sm (2016-cı il mayın 30-da 337 sm), Şirvanda 243 sm, Salyanda 170 sm (2016-cı il mayın 30-da 120 sm), Bankədə 177 sm (2016-cı il mayın 30-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2016-cı il mayın 30-da 48 sm) təşkil edir.
Babək Cahandarov