"Qazaxıstan "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) yatırılan investisiyanın restrukturizasiyası ilə bağlı təklif olunan 3 variantı nəzərdən keçirir".
1news.az APA-ya istinadla verdiyi xəbərə görə ki, bunu Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev hökumətin iclasında bildirib.
"Pensiya təminatı haqqında qanuna əsasən Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin vəsaitlərinə dövlət zəmanəti verilir və hökumət pensiyaçılarımızın pullarının qorunmasına cavabdehdir. Bu səbəbdən hökumət pensiya aktivlərinin qorunmasında maraqlıdır. Mən artıq azərbaycanlı həmkarımla bu barədə danışmışam. Artur Rəsizadə məni əmin edib ki, borcun qaytarılması məsələsindən kreditorlara hərtərəfli dəstək veriləcək. Mayın 23-də Londonda beynəlxalq kreditorlarla Azərbaycan tərəfinin görüşü olub. Görüşdə Qazaxıstan Milli Bankının və hökumətinin nümayəndələri də iştirak edib", - deyə baş nazir qeyd edib.
Hökumət rəhbəri əlavə edib ki, maliyyə naziri Bakıt Sultanova bu məsələni azərbaycanlı həmkarı Samir Şərifovla müzakirə etməyi tapşırıb.
Öz növbəsində maliyyə naziri deyib ki, artıq həmkarı ilə müzakirə aparıb: "Mən Samir Şərifovla bu məsələni müzakirə etmişəm. Həmkarım bildirib ki, ABB tərəfindən öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə bağlı qəbul olunan qərarın əsas səbəbi manatın devalvasiyasıdır. Azərbaycan hökuməti bu məsələni ciddi nəzarətdə saxlayır. Həmkarlarımız bizi inandırdı ki, beynəlxalq kreditorların maraqlarını qorumaq üçün əllərindən gələni edəcəklər. Biz isə xahiş etdik ki, informasiya əlçatanlığı maksimum şəkildə təmin olunsun".
Bundan öncə B.Sultanov bildirib ki, Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin ABB-nin istiqrazlarına yatırdığı investisiyanın geri qaytarılması məsələsi payızda həllini tapa bilər.
"Cari ilin iyul ayının ortalarında keçiriləcək iclasda kreditorlar ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planını müzakirə edəcəklər. Kreditorların 2/3-si planı dəstəkləyərsə, məsələ payızda həllini tapacaq", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, ABB tərəfindən təklif olunan variantların öyrənilməsi üçün Milli Bank və hökumət nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. "Mayın 23-də Londonda keçirilən görüş zamanı kreditorlara üç restrukturizasiya variantı təklif olunub. Variantlarla detallı şəkildə tanış olduqdan sonra İşçi qrupu "Vahid Pensiya Yığımı Fondu" üçün daha az itkiyə səbəb olacaq variantı seçəcək".
Qazaxıstan Milli Bankının məlumatına əsasən, "Vahid Pensiya Yığımı Fondu" SC 2014-cü ilin oktyabr ayında ABB-nin 10 illik istiqrazlarına 250 mln. dollar yatırıb. Qiymətli kağızlar üzrə gəlirlilik 8,25% olub.
Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Maliyyə Nazirliyi bankın səhmlərinin 76,7%-nə, "Aqrarkredit" isə 14,6%-nə sahibdir.
S.Xankişiyeva