“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində işlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür. Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinə Bakı ətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur.
Xatırladaq ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin yeri 04.04.2017 tarixində Atletlər kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilmişdi. Məqsəd Oyunlar ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz, ən əsası da təhlükəsiz fəaliyyətini təmin etmək idi.
1news.az