Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən hərbi attaşelik aparatının təşkilatçılığı ilə Respublika və Silahlı Qüvvələr günləri münasibətilə rəsmi ziyafət təşkil edilib. Tədbir çərçivəsində, həmçinin Azərbaycan ilə Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olunub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva tədbirdə iştirak edib.
Rəsmi ziyafətdə Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də daxil olmaqla 300-ə yaxın qonaq qatılıb.
Əvvəlcə azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə əvvəlcə yaxın günlərdə Mançester şəhərində törədilən terror aktı qurbanlarının yaxınlarına başsağlığı verib.
Səfir 1918-ci il mayın 28-də Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublikanın ölkəmizdə qurulduğunu bildirib. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğu və ulu öndər Heydər Əliyevin səyləri nəticəsində ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyi diqqətə çatdırılıb.
Britaniya ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət açan T.Tağızadə qarşılıqlı rəsmi səfərlərdən bəhs edib. O, diplomatik münasibətlərimizin 25 illiyi münasibətilə Britaniya Xarici İşlər Nazirliyi rəsmilərinin ölkəmizə səfərlərini misal çəkib. O, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun Britaniyaya səfəri və Oksford İslam Mərkəzi və Nizami Gəncəvi Elmi Mərkəzini ziyarətindən söhbət açıb. T.Tağızadə Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə, Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılmasına görə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri Nərgiz Paşayevaya və Lord Germana xüsusi minnətdarlığını ifadə edib.
Britaniyada fəaliyyət göstərən diaspor təşkilatlarımıza təşəkkür edən diplomat Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib.
Səfir ölkələrimiz arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet olduğunu bildirib. Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu deyən diplomat qeyd edib ki, Britaniya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq da hər ötən il daha da genişlənir. T.Tağızadə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə minnətdarlığını ifadə edib.
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycana səfəri haqqında məlumat verib. Xüsusilə Azərbaycan musiqisinin aşiqi olduğunu bildirən parlament üzvü musiqi sahəsində əlaqələrimizin daha da inkişafının tərəfdarı olduğunu qeyd edib. Səfəri çərçivəsində Azərbaycan tarixi, mədəniyyəti haqqında öyrəndiyini bildirən Nikolson xalqımızın qonaqpərvərliyindən xüsusi olaraq bəhs edib. İkitərəfli münasibətlərimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem Mançesterdə baş verən bədbəxt hadisəyə görə Britaniya xalqına başsağlığı və həmrəylik mesajları göndərən Azərbaycan Prezidenti İlham Əliyevə və xalqımıza minnətdarlığını ifadə edib. O, eyni zamanda, Britaniyanın kədərinə şərik olan bütün ölkələrə və onların rəsmilərinə minnətdarlığını bildirib.
M.Tethem ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır. Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyətə böyük maraqları var. XİN rəsmisi əlaqələrimizin sadəcə enerji deyil, digər sahələrdə də sürətlə genişləndiyinin sevindirici hal olduğunu vurğulayıb. Bildirilib ki, Britaniya şirkətləri Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin təşkilatçılığında bu ölkə ilə sıx əməkdaşlıq edir. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da layiqincə keçirdi.
M.Tethem qeyd edib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Sonda tədbir iştirakçıları Azərbaycan stendini ziyarət ediblər. Stenddə ölkəmizin iqtisadi, sosial inkişafından və turizm imkanlarından bəhs edən kitab və jurnallar nümayiş olunub.
S.Xankişiyeva