Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının təqdimatı keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, SAM-ın nəşri olan bu kitab Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, SAM-ın direktor müavini Gülşən Paşayeva, xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və başqaları tədbirdə çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, kitabda əksini tapan 28 məqalədə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin ayrı-ayrı prioritet istiqamətləri, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun uğurları, siyasi-iqtisadi maraqların və milli təhlükəsizlik mənafelərinin təminatında əldə edilmiş nailiyyətlər, dövlətimizin beynəlxalq təhlükəsizlik və iqtisadi münasibətlər sistemindəki rolu və mövqeyi ətraflı təhlil edilib. Xüsusilə Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər tədqiqatçı-ekspert prizmasından işıqlandırılıb.
Bundan başqa, kitabda müvafiq bölmələr üzrə Azərbaycanın qonşu ölkələri (Türkiyə, Rusiya, İran, Gürcüstan) və Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) ilə əlaqələri ətraflı araşdırılıb. Azərbaycanın qlobal və regional güclərlə münasibətləri təhlil edilib. Həmçinin ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri və bu qurumların fəaliyyətindəki iştirakı nəzərdən keçirilib.
S.Xankişiyeva