IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür.
1news.az-ın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakıda İslamiadanın bağlanış mərasimində çıxışı zamanı deyib.
Mehriban Əliyeva qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz əl-Nassar. İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri. İslam aləminin idmançıları. Xanımlar və cənablar. Hörmətli qonaqlar. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz!
Əziz həmvətənlər, Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları ölkəmizlə bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı öz qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
Daha da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun!
Əziz dostlar! Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı.
İdmançılar, mən sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm və İslam aləminin tamaşaçılarına verdiyiniz sevincə görə sizə təşəkkürümü bildirirəm! Bu sizin Oyunlar idi və sizin idman yarışlarında çıxışınız onları möhtəşəm etdi. Ümidvaram ki, Bakıdan ayrıldıqda ən xoş xatirələrinizi bütün həyatınız boyu əziz tutacaqsınız".
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri vurğulayıb ki, Azərbaycanın milli komandası 162 medal, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yeri tutaraq bizi bir daha fərəhləndirdi:
"Azərbaycan idmançıları, sizin fədakarlığınız və ustalığınız həmvətənlərimizi ilhamlandırmaqda davam edir və gələcək nəsilə ən parlaq nümunə kimi xidmət edəcək.
Son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi növbəti böyük qələbə oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq.
Mən xalqlar arasında həmrəylik əlaqələrini gücləndirən İslam aləminin idmançılarını Bakıda salamlamaq üçün yaratdığı fürsətə görə İslam Həmrəyliyi İdman Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Bu Oyunlar və bir çox digər mühüm beynəlxalq idman, humanitar və siyasi tədbirlər Bakının açıqlıq və tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi".
Mehriban Əliyeva qeyd edib ki, paytaxtımız İslam idman ictimaiyyətini açıq qəlblə qəbul etdi və bu Oyunların uğurlu olması bütün Azərbaycanın fədakarlığına və qəhrəmanlığına işarədir: "Bütün dünyadan gəlmiş qonaqlarımız özünün qədim irsinə və ənənələrinə sadiq olan, gələcəyinə qətiyyətlə baxan ölkənin – Azərbaycanın zəngin mədəniyyəti və məşhur qonaqpərvərliyi ilə tanış oldular. Dünyanın ən gözəl şəhərlərindən birində, Bakıda sizi görməkdən məmnun olduq. Biz açıq qəlblə sizi yenidən Azərbaycanda görməyimizi səmimiyyətlə arzulayırıq.
Əziz könüllülər, çox sağ olun! Qonaqlarımız özlərini evlərindəki kimi hiss etdilər. Siz bu Oyunların uğurlu olmasında böyük rol oynadınız. Atletlər Bakı-2017-nin döyünən ürəyidirsə, siz bu Oyunların geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz. Mən gördüyünüz işlərə görə hər birinizə olduqca minnətdaram!"
Birinci vitse-prezident əlavə edib: "Biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik. Bu yay Formula 1 Azərbaycan Qran-Pri turniri, sentyabr ayında qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək. 2020-ci ildə burada, Bakı Olimpiya Stadionunda furbol üzrə Avropa çempionatının oyunları baş tutacaq.
Bakı-2017 Oyunlarının başa çatdığı bir anda mən bu möhtəşəm tədbirdə iştirak etmiş hər bir şəxsə, idmançılara və tamaşaçılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirmək istəyirəm.
Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq! Beləliklə, mən qürur hissi ilə IV İslam Həmrəyliyi Oyunlarını bağlı elan edirəm. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!".
1news.az