Bu gün Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının ikinci gününə start verilib.
1news.az-ın məlumatına görə, uşu-sanda döyüş növü üzrə keçirilən yarışların növbəti günündə kişilər arasında 48, 52, 56, 60, 65, 70 və 75 kiloqram çəki dərəcələrində idmançılar yarımfinalda mübarizə aparacaqlar.
Azərbaycanın yığma komandasının yarımfinala vəsiqə qazanan altı idmançısının hamısı bu gün döyüşə çıxacaq. Milli komandamızın üzvlərindən Avropa çempionu Orxan Hətəmov (48 kq) qırğızıstanlı Turatbek Ulu Sulaymankul ilə İslamiadanın finalına vəsiqə uğrunda döyüşəcək.
III İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Elçin Eminov (56 kq) yarımfinalda güclü İndoneziya idmançısı Yusuf Vidiyanto ilə həlledici mərhələyə yüksəlmək üçün üz-üzə gələcək.
Digər kişi idmançılarımızdan sonuncu İslamiadanın ikincisi Ruslan Pirəliyev (60 kq) iranlı Erfan Ahangarian ilə növbəti mərhələyə adlamaq üçün qarşılaşacaq.
Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov (65 kq) adını finala yazdırmaq üçün yarımfinalda Ali Ayla (Türkiyə) gücünü sınayacaq.
Beynəlxalq turnirlərin qalibləri Vüqar Kərəmov (70 kq) yarımfinalda indoneziyalı Puja Riyayanı, Pərviz Abdullayev (75 kq) isə həmin mərhələdə iranlı Yazdan Mirzayini mübarizədən kənarlaşdıraraq finala vəsiqəni təmin etməyə çalışacaq.
Azərbaycan təmsilçilərinin yer almadığı 52 kiloqram çəki dərəcəsində iranlı Moein Sirçi Hacızadə yarımfinalda yəmənli Ali Zaid Vazea ilə görüşəcək. Həmin çəki dərəcəsində digər yarımfinal görüşündə türkiyəli Sadik Pehlivan pakistanlı Zahor Ahmedlə növbəti mərhələyə vəsiqə qazanmaq üçün yarışacaq.
Yarışda yığma komandamızın ehtiyat idmançıları 65 kiloqram çəki dərəcəsində Rafael Tarverdiyev və 70 kiloqram çəki dərəcəsində Taleh İsayev olacaqlar.
İslamiadanın uşu yarışlarında 17 ölkədən idmançılar çıxış edirlər.
1news.az