Mayın 20-də İslamiadanın sərbəst güləş yarışlarının sonuncu qarşılaşmasında qalib gələn Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov qızıl medal qazanıb.
1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Yarışlarda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa ikincisi, Dünya Kubokunun qalibi olan Cəmaləddin Maqomedov həlledici qarşılaşmada Qazaxıstan pəhləvanı Daulet Şabanbay ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 12:8 hesabı ilə qalib gələn pəhləvanımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Salim Ercan və iranlı Caber Sadeqzadeh layiq görülüblər.
Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
1news.az