Mayın 20-də İslamiadanın sərbəst güləş yarışlarının sonuncu günündə pəhləvanımız Hacı Əliyev final görüşündə qalib gələrək İslamiadada Azərbaycanın aktivinə 65-ci qızıl medalı yazdırıb.
1news.az Azərtac-a istinadla xəbər verir ki, yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medallara iranlı Məsud İsmailpur və pakistanlı Abdul Vahab layiq görülüblər.
Qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
Çempion pəhləvanımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
1news.az