Təhsil naziri Mikayıl Cabbarov Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyaya işgüzar səfər edib.
1news.az-ın Təhsil Nazirliyinə istinadla verdiyi xəbərə görə, mayın 16-da keçirilən tədbirdə Birləşmiş Krallığın vəliəhdi Uels şahzadəsi Çarlz, Səudiyyə Ərəbistanının Kral ailəsindən şahzadə Türki əl-Feysal və Mərkəzin direktoru Fərhan Nizami açılış nitqi ilə çıxış ediblər.
Mərasimə Malayziyadan Sultan V Məhəmməd, Bəhreyn Krallığının vəliəhdi şahzadə Salman bin Həməd, Küveytin keçmiş baş naziri və xarici işlər naziri Məhəmməd Sabah əl-Salem, İordaniya Kralının nümayəndəsi Şahzadə Qazi bin Məhəmməd və digər rəsmilər də qatılıblar.
Çıxışlarda Mərkəzin dinlərarası dialoqun inkişafında oynadığı əhəmiyyətli roldan söz açılıb, islam araşdırmaları sahəsində görülmüş işlər və Mərkəzin yaranmış yeni imkanlar hesabına gələcəkdə daha da inkişaf edəcəyinə dair fikirlər səslənib.
Səfər çərçivəsində Mikayıl Cabbarov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıfilialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayevanın təşəbbüsü əsasında 2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin akademik heyəti ilə görüş keçirib. Oksford Universitetinin qədim Bodleian Kitabxanasında professor Nərgiz Paşayevanın iştirakı ilə baş tutan görüş zamanı iştirakçılar burada Azərbaycan dili, tarixi, və mədəniyyəti sahəsində aparılan araşdırmalar və eləcə də orta əsrlərdə Azərbaycana səfər edən səyyahların nadir əsərləri ilə tanış olublar.
Səfər zamanı təhsil naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin rektoru Xalid Azzamla görüşüb. Təhsil naziri ölkəmizin Böyük Britaniyadakı səfirliyində xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb, suallarını cavablandırıb.
Oksford İslam Araşdırmaları Mərkəzi (OİAM) 1985-ci ildə islam dünyasında elmi tədqiqatların və dinlərarası dialoqun inkişaf etdirilməsi məqsədi ilə yaranmış müstəqil mərkəzdir. Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz Mərkəzin himayədarıdır. OİAM Böyük Britaniyada rəmzi məna daşıyan “Kral Nizamnaməsi” əldə etmiş yeganə İslam Araşdırmaları Mərkəzidir. Mərkəzin yeni binası Oksford Universitetinin ənənəvi və islam memarlığının vəhdəti üslubunda inşa olunub.
S.Xankişiyeva