IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışların finalında Türkiyə millisinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan voleybolçuları İslamiadanın qızıl medallarını qazanıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb - 25:12. Lakin ikinci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub - 25:20. Voleybolçu qızlarımız dördüncü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar.
Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub.
Kişilər arasında voleybol yarışına isə mayın 21-də yekun vurulacaq.
1news.az