Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına yekun vurulub.
1news.az apasport.az-a istinadən xəbər verir ki, son gündə daha 5 çəkidə qaliblər müəyyənləşib.
Millimizin isə 4 üzvü medallar üçün dayanq üzərinə çıxıb. Onlardan ikisi Ramin Əzizovla Məhəmməd Məmmədov yarışı fəxri kürsüdə başa vurub. Əzizov qızıl, Məmmədov bürünc medala sevinib.
Kişilər
63 kq
Məhəmməd Məmmədov turnirə 1/8 finaldan start verib. Dünya kubokunun qızıl medalçısı indoneziyalı İbrahim Zarman önündə ciddi çətinlik çəkməyib (9:2) və adını 1/4 finala yazdırıb. İdmançımız bu mərhələdə Ömər Xəyyami (Mərakeş) önündə ciddi çətinliklə üzləşməyib. Məmmədov rəqibini dayanq üzərinə çıxmağına peşman edib - 26:10. İdmançımız yarımfinalda qazaxıstanlı Alimjan Serikbayevi sınağa çəkib. Təmsilçimiz 7:8 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.
74 kq
Səid Quliyev yarışa 1/4 finaldan qoşulub. Gənclərin Olimpiadasında qızıl medal qazanmış idmançımız Toş van Diyklə qarşılaşıb. İdmançımız mübarizəyə fəal başlayıb, hesabda önə keçməsinə baxmayaraq, sona yaxın üstünlüyü əldən verib. Yekunda 17:19 hesablı yenilgiyə üzülən Quliyev İslamiadada mübarizəni dayandırıb.
87 kq
Bu çəkidə ölkəmizi təmsil edən Ramin Əzizov yarımfinala çıxmaq uğrunda görüşdə iordaniyalı Anas Sadeki mübarizədən kənarlaşdırıb. Taekvondoçumuz rəqibini 27:8 hesabı ilə üstələyib. Əzizov ikinci sınağını türkiyəli Sərdar Yüksələ qarşı verib. 13:5 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. Həmyerlimiz qızıl medal uğrunda qarşılaşmada İran təmsilçisi Əhməd Məhəmmədi ilə üz-üzə gəlib. 16:13 hesabı ilə qalib gələn Əzizov yarışın çempionu adına yiyələnib.
Qadınlar
62 kq
Son gündə dayanq üzərinə çıxan yeganə qadın idmançımız Darya Şkurko olub. O, 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auni ilə münasibətlərinə aydınlıq gətirib. Gərginliyi ilə diqqət çəkən döyüşdə mərakeşli daha güclü olub. 8:10 hesabı ilə yenilən Şkurko mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, taekvondo yarışlarının ilk iki günündə 5 qızıl və 2 gümüş medal qazanan millimiz İslam Həmrəyliyi Oyunlarını 9 mükafatla başa vurub. Bunlardan 6-sı qızıl, 2-si gümüş, 1-i bürüncdü.
1news.az