Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarına start verilib.
1news.az-ın məlumatına görə, yarışların ilk günündə kişi idmançılar 3 metr hündürlükdə tramplindən suya tullanma üzrə təsnifat mərhələsində güclərini sınayırlar.
Ölkəmizi Artem Danilov və Dmitri Sorokin təmsil edirlər. Yarışda finala vəsiqə uğrunda indoneziyalı Tri Priambodo, Aldiansiah Rafi, iranlı Şahnam Nazarpur, Mojtaba Valipur, İraq təmsilçiləri Hussein Əl-Elayavi, Hussein Əl-Maliki və türkiyəli Kıvanç Gur mübarizə aparırlar.
Bu gün həm də basketbol 3x3 yarışlarına start verilib.
Basketbol 3x3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparır.
Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışırlar.
Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.
Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.
Babək Cahandarov