Azərbaycan Xalça Muzeyində muzeyin Şuşa filialının təşkilatçılığı ilə Laçın rayonunun işğalının 25-ci ildönümünə həsr olunmuş “Laçın, səndə nələr qaldı...” adlı tədbir keçirilib.
1news.az-a Azərbaycan Xalça Muzeyindən verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, Laçın ziyalılarının örnək dolu yolunu yeni nəslə çatdırmaq, həmçinin qədim sənət nümünələrimizin öyrənilməsi və qorunmasını aşılamaq,eyni zamanda qədim tarixi diyarımız olan Laçının işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaq idi.
Tədbirdə Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdürü Səbinə Əzizova, Azərbaycan Texniki Universitetinin İctimai Fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, Əməkdar mədəniyyət işçisi,tarix elmləri üzrə fəlsəfə doktoru Solmaz Məhərrəmova, Laçın rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Türkanə Nuruyeva, Tarixi abidələrin Mühafizəsi ictimai birliyinin sədri Faiq İsmayılov Laçının mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini və Laçınla bağlı xatirələrini bölüşdülər.
Tədbirin bədii hissəsində 2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov “Sarı gəlin” xalq mahnısını, aşıq Elşad Abbas sazda “Ruhani” aşıq havasını ifa ediblər. Tədbirin sonunda “Laçına virtual” səyyahət adlı video çarx nümayiş olunub.
S.Xankişiyeva