“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı İsveçrənin Bazel Universitetinin tələbəsi Əli-Əşrəf Rəcəblidir.
Layihə Təhsil Nazirliyi və 1News.az informasiya agentliyi ilə birgə həyata keçirilir.
Əli-Əşrəf Rəcəbli 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Humanitar Liseydə alıb. 2009-2013-cü illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.
2012-ci ildə tələbə mübadiləsi çərçivəsində Almaniyanın Tübingen Universitetində təhsil alıb. 2013-2014-cü illərdə hərbi xidmətdə olub. Hazırda Dövlət Proqramı üzrə təhsilini İsveçrənin Bazel Universitetinin Avropa Qlobal Araşdırmalar magistratura üzrə Avropa İttifaqının miqrasiya hüququ və siyasəti ixtisası üzrə davam etdirir.
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
- Müasir dünyada nəzəri praktik bilik sahəsində rəqabətə dözümlü olmaq üçün qabaqcıl təhsil sistemindən bəhrələnməlisən. Məncə, bu bir aksiomadır. İsveçrədə aldığım təhsil mənim məqsədlərimə tam cavab verir.
Burada qabaqcıl, innovativ təhsil metodlarının tətbiqindən aldığım biliklər, eyni zamanda təhsil prosesinin tələbə-müəllim diqaloqu prinsipi əsasında təşkili mənə daha çox məmnun edir. Bəli, ümidlərim tam olaraq özünü doğruldub. Mən ixtisasa yiyələnmək prosesində özümdə olan müsbət dəyişikliyi görürəm.
- Niyə məhz bu ixtisası seçdiniz?
- Dünya təhsil sistemində ümumi və xüsusi səciyyə daşıyan ixtisaslar var. Müəyyən ixtisaslar var ki, onların yüksək səviyyəsinə öz ölkəndə də nail ola bilərsən. Mənim seçdiyim magistr ixtisasına isə ancaq Avropada mükəmməl yiyələnmək olar.
Azərbaycanda aldığım bakalavr təhsili beynəlxalq münasibətlər, beynəlxalq hüquq və Avropa siyasəti sahəsində əsaslı nəzəri biliklər almağımı təmin edib. Lakin bu biliklərin dərinləşməsinə ehtiyacı və praktik həyata tətbiqinin zəruriliyini dərk edərək qərara gəldim ki, təhsilimi Avropada, onun qabaqcıl ölkəsi olan İsveçrədə davam etdirim. Seçdiyim “Avropa İttifaqının miqrasiya hüququ və siyasəti” ixtisaslaşması dünya, xüsusilə Avropa, o cümlədən Azərbaycan üçün aktual olan miqrasiya problemi üzrə nəzəri və praktik biliklərimi həm artırır, həm də sistemləşdirir.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Azərbaycan təhsil sistemi 2005-ci ildən Avropa təhsil sisteminə intqeqrasiya olunur. Proses davam edir. Çox işlər görülüb. İnanıram ki, bu istiqamətdə müəyyən işlər, layihələr, standartların tətbiqi davam edəcək. Dünyada belə bir fikir formalaşıb ki, ən çox qlobal inteqrasiya olunmuş sahələr iqtisadiyyat və internetdir. Mən bu sıraya təhsili də aid etmək istərdim.
Verilən suala gəldikdə isə deyə bilərəm ki, həm oxuduğum ali məktəbdə, həm də Azərbaycanın bütün ali məktəblərində üç yanaşmanın dəyişilməsini istərdim. Birincisi, təhsil prosesində bürokratik və inzibati maneələrin minimuma endirilməsi, ikincisi, sırf auditoriya təhsil saatlarının azaldılması. Professorların daimi məsləhəti və əlaqə mexanizmləri hesabına tələbənin sərbəst hazırlıq saatlarının artırılması həm onun məsuliyyətini artırır, həm də ki, vaxtdan maksimum səmərəli istifadəsini təmin etmiş olur.
Üçüncüsü, İsveçrədə kəsirlərin yay məktəbində ödənilməsi tətbiq edilmir. 4 ay fənni mənimsəməyən tələbə çətin ki, 1 ayda fənni mənimsəyə bilsin. Kəsiri həmin semestrdə 2 həftə ərzində təkrar verməyə icazə verilir. Yay məktəblərində isə öz arzusu ilə tələbələrə 2 və ya 3 kreditli illik təhsil haqqı çərçivəsində əlavə kurs götürməyə icazə verilir. Bu kreditlər semestr modullarının kreditlərinə əlavə olunur. İslahatlar çərçivəsində bu yanaşmaların Azərbaycanda tətbiq edilməsi nəinki tələbələrin təhsili müsbət dəyərləndirmələrini, həmçinin təhsilin keyfiyyətinin daha da artırlmasını təmin etmiş olar.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?
- İsveçrədə həm yerli, həm də xarici ölkələrdən burada olan insanlarda Azərbaycana maraq çox böyükdir. Nəşriyyat materiallarından istifadə etməklə xalqımızın adət-ənənləri, Azərbaycanın gözəl təbiəti, ölkəmizdə əsrlər boyu müxtəlif dini cərəyanların və etnik xalqların tolerantlıq və sülh şəraitində yaşaması, Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri, Qarabağın qaynaqları əsasında tarixi, münaqişənin humanitar, geosiyasi və geoiqtisadi fəsadları ilə bağlı məlumatı insanların diqqətinə çatdırmaq həm bir azərbaycanlı kimi, həm də ki, bir vətəndaş olaraq özümə borc bilirəm.
Hərbi xidmətdə olmuşam. Əsgər ruhuna bələdəm. Keçən ilin aprel, bu ilin fevral döyüşlərində şəhid olmuş gənclərimizin vətən sevgisi bizə örnəkdir. Vətən sağ olsun. İsveçrədə Azərbaycan xalqının sülhsevər xalq olmasını daim vurğulayıram.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Ən çöx dəyərləndirdiyim təhsil elementidir. Müəllim-tələbə münasibəti tam səmimi, inam, qarşılıqlı hörmət, etibar və dostluğa söykənən münasibətlərdir.
Qeyd edim ki, Azərbaycanda da bu cür müəllimlər var. Sadəcə bizim mentalitet müəllim-tələbə münasibətində ciddi pərdənin olması tarixi təcrübəsindən hələ ayrıla bilmir.
- Burada təhsil aldığınız müddətdə daha çox hansı çətinlikləriniz olub?
- İsveçrədə təhsil dili ilə bağlı təcrübə digər Avropa ölkələrindən fərqlənir. Magistr pilləsində təhsil almaq üçün alman və ingilis dillərini ən yüksək səviyyədə bilməlisən. İxtisasım Avropa İttifaqının fəaliyyəti ilə bağlı olduğundan qonaq professorların mühazirələrinə qatılmaq, eyni zamanda geniş elmi ədəbiyyatdan istifadə etmək üçün fransız, ispan və italyan dillərini də bilmək lazım idi. Əks təqdirdə mühazirə və seminar məşğələlərində fəal iştirak edə bilməyəcəksən.
Birinci üç dillə bağlı problemim yox idi. Çətin də olsa, universitetin yaratdığı dil kurslarında iştirak edərək, eyni zamanda yuxusuz gecə saatlarının hesabına digər dilləri də tez bir zamanda öyrəndim və artıq bu istiqamətdə elə bir çətinliyim yoxdur.
- Oxuduğunuz müddətdə qarşılaşdığınız maraqlı hadisə hansı olub?
- Məlumdur ki, İsveçrə Aİ-nin üzvü deyil və onlar arasında miqrasiya məsələlərini nizamlamaq məqsədilə diplomatik danışıqlar aparılır. Təcrübədə bu danışıqlarda heyətə miqrasiya məsələləri üzrə ixtisaslaşan İsveçrənin bütün universitetlərini və elm ocaqlarını təmsil edən doktorantlar və magistrantlar da daxil edilir.
2015-ci ilin avqust ayında Strasburqda aparılan danışıqlara hər tərəfdən 10 nümayəndə iştirak edirdi. İsveçrə nümayəndə heyətinə Universitet tərəfindən təqdim edilmiş mənim namizədliyim də təşkilatçılar tərəfindən bəyənilmiş və ilk azərbaycanlı olaraq bu tədbirdə iştirak etmişəm. Debatlar, təkliflər, müzakirələr çox maraqlı idi. Mənim etdiyim təkliflərin layihə sənədində yer almasını təhsilin uğuru kimi dəyərləndirə bilərəm.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Bazel Universitetində təhsil alanların əksəriyyəti yerli vətəndaşlardır. Xarici tələbələr əsasən Aİ ölkələrini təmsil edir. Mənə olan münasibətdən tam razıyam. Bütün qarşılıqlı münasibətlər dostluq və dəstək prinsiplərinə söykənir.
İsveçrə çoxmillətli dövlətdir. Bu ölkədə insanlar arasında tolerantlıq, səmimiyyət, mülayimlik təqdirəlayiqdir.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
- Azərbaycanda təhsil sisteminin müsbətə doğru dəyişikliyini Bakıda təhsil aldığım zaman da görmüşəm. İndiki dövrdə Təhsil Nazirliyinin həyata keçirtdiyi təhsil islahatlarının tezliklə nəticə verəcəyinə inanıram. İnanıram ki, tezliklə bütün ümumi orta təhsilə malik olan və təhsilini ali məktəblərdə davam etdirmək istəyən gənclərə tam azad imkanlar yaradılacaq.
Planlı təhsilin mahiyyəti dəyişəcək. Praqmatik (kompetensiya) və fasiləsiz təhsil konsepsiyası Azərbaycan təhsil sistemində aparıcı olmalıdır. Təhsil dövlətimiz tərəfindən dəyərləndirilir. İstərdim ki, cəmiyyətimiz də bu sahəni prioritet kimi qəbul etsin. Həm dəstəyi, həm də məhsuldar tənqidi ilə bu sahəyə fəal müdaxilə etsin.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Xaricdə təhsil alanların ən ağrılı yeridir. Çətin tapırıq bu asudə vaxtı. Bütün auditoriyadan kənar vaxtı kitabxanada keçirirəm. Universitetin kitabxanası gecə yarısına kimi işləyir. Valideynlərim həftələrlə səsimi eşitmirlər. Telefonla qısaca mesaj yazıram ki, hər şey normaldır. Bir balaca vaxt tapan kimi, həftədə 1-2 saat olsa belə idmanla məşğul oluram.
Qeyd edim ki, Universitetdə tələbələrin müxtəlif könüllü aksiyalarda iştirak etməsi bir ənənədir. İxtisasımla bağlı olduğu üçün asudə vaxtım olduqda qaçqın və miqrantlarla bağlı könüllü olaraq Bazeldə keçirilən humanitar aksiyalarda mütəmadi iştirak edirəm.
Məsələn, bu ilin qış tətili dövründə Suriya qaçqınlarına hüquqi yardım aksiyasında iştirak etdim. Bu ölkədə hər gənc-tələbə cəmiyyətin müxtəlif sahələrində könüllü çalışmağı özünə borc bilir. Yay kursları arası dövrdə və bayramlarda qısa müddətə olsa belə Avropa şəhərləri ilə tanışlığa üstünlük verirəm.
- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız barədə məlumat verərdiniz.
- Bir müddət miqrasiya sahəsində praktik fəaliyyət göstərdikdən sonra doktorantura üzrə təhsilimi davam etdirmək istəyirəm. Avropada öyrəndiklərimizi ölkəmizdəki tələbələrlə bölüşmək istəyirəm.
- Xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz?
- Dünyaya, insanlara baxışım dəyişıb. Emosional vəziyyətə nəzarət etməyi öyrənmişəm. Hər vəziyyətdə müsbət hallar axtarmaq vərdişinə yiyələnmişəm. Buradan Azərbaycana bağlılığımın mahiyyətini dərk etmişəm. Genetik bağlılıq idrak bağlılığı ilə tamamlanıb.
Fürsətdən istifadə edərək, bu dəyişikliklərin təşəkkül tapmasında bir övlad kimi mənə dəstək olmuş valideynlərimə və bir vətəndaş olaraq Təhsil Nazirliyinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.
- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Özünüzə inanın. Heç kəs sizin qədər sizin inkişafınızda maraqlı ola bilməz. Ən böyük nemət vətəni sevmək və təhsilli olmaqdır. Vətən sevgisi ana südü ilə verilir, təhsilə isə özünüz yiyələnməlisiniz. Dünyanın bütün savadlı adamları öz iradələri hesabına buna nail olublar.
İradəli və çalışqan olun, həyatınızı daimi təhsilə bağlayın, qalanını isə zaman özü yoluna qoyacaq. Bütün Azərbaycan gəncliyinə salamlar göndərir, əmin-amanlıq və uğurlar arzulayıram.
1news.az