Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtonun ən mötəbər zallarından biri, ABŞ Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrsi Mərkəzində (Navy Memorial and Navy Heritage Center) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş "Əli və Nino" filminin paytaxt premyerası keçirilib.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, 300 nəfərə yaxın ABŞ administrasiyası və Konqresinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş səfirlər və yüksək rütbəli diplomatlar, düşüncə mərkəzlərinin təmsilçiləri, ictimai xadimlərin iştirak etdiyi tədbir ziyafətlə başlayıb. Daha sonra səfir Elin Süleymanov və David Bakradze giriş nitqi söyləyib və qonaqları salamlayıblar.
Gürcüstan səfiri öz çıxışında əsas vurğunu Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə qoymuş, hər iki ölkəni bir-birinə yaxın edən bağlardan danışıb. O, bu il hər iki ölkənin ABŞ-la diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü olduğunu qeyd edərək, ABŞ tərəfindən hər iki ölkənin müstəqilliq və suverenliyinə davamlı dəstəyinin vacibliyinə toxunub. Filmin mahiyyətinə toxunan D.Bakradze bu əsərin hər iki xalqın birgə tarixinin vacib dönəmini göstərdiyini qeyd edib.
Azərbaycan səfiri öz çıxışında da ölkəmizlə Gürcüstan arasından dostluq və qardaşlıq əlaqələrinə toxunmuşdur. O, nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışmış, Azərbaycanlı və Gürcü olan iki gəncin birgə və azad yaşamaq üçün sonsuz çalışdıqlarını, ölkəmizin müstəqilliyi naminə böyük qurbanlar veridiklərini və bunun da gənc nəsillər üçün bir örnək olduğunu qeyd etmişdir. E.Suleymanov həmçinin bu əsərin ərsəyə gəlməsinə böyük səylər göstərmiş filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirmiş və bu xüsusda icraçı prodüser Leyla Əliyevanın böyük zəhmətini qeyd edib.
Qeyd edək ki, hər iki ölkənin mədəniyyəti və tarixi barədə daha dolğun təsəvvürlər yaradan bu film iştirakçılar tərəfindən olduqca müsbət qarşılanıb və onlarda müsbət hisslər oyadıb.
S.Xankişiyeva