Meksika ilk dəfə olaraq Bakıda 17-19 may tarixlərində keçirilən 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edəcək.
1news.az-a Meksika səfirliyindən verilən məlumata görə, sərgidə Meksikanın kənd təsərrüfatı və qida sənayesi haqqında ətraflı məlumat təqdim etmək məqsədilə Promexiko-nun İstanbul şəhərindəki iqtisadi işlər üzrə müşavir Xorxe Alberto Kruz Abaskal Bakıya gəlib.
Səfərin məqsədi həm də dövlət qurumları və yerli iş adamları ilə ikitərəfli ticarət əlaqələrinin perspektivlərini nəzərdən keçirmək üçün müxtəlif görüşlər həyata keçirməkdir.
Son iki onillik ərzində Meksika kənd təsərrüfatı sektoru dünyada özünəməxsus yeri əldə edib. Qısa müddət ərzində qida məhsullarının ixracı yeddi qat artıb. Kənd təsərrüfatı ixtisaslaşması yerli və beynəlxalq bazarlarda yüksək gəlirliyin yaranmasına səbəb olub və Meksikanı səməni pivəsi, pomidor, avokado, moruğ, böyürtkən, balqabaq, quava və mango kimi məhsulların dünya üzrə qabaqcıl ixracatçısına çevirib.
Bundan əlavə, Meksika, digər məhsullarla yanaşı, qulançar, xiyar, limon, soğan, qarpız, Brussel kələmi, papaya və kakao tozunun ikinci iri təchizatçısıdır.
Şübhəsiz ki, bu gün Meksika qida məhsulların istehsalı və bölgüsü üzrə dünya liderləri arasında öz yerini tutmağa qadir olkədir.
Pərvanə Sultanova