Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları davam edir.
1news.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycanın tələbə könüllüləri də bu mötəbər yarışda yaxından iştirak edirlər. “Bakı 2017”-nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edirlər. İslam Oyunları Əməliyyat Komitəsinə 11000 nəfər könüllü cəlb olunub.
Könüllülərin təəssüratlarını təqdim edirik:
Şirvan Xalıqov - Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi
“İki gündür ki, iş rejimi başlayıb. Oyunlar başlamazdan bir ay əvvəl işçi heyət tərəfindən təlimlər və seminarlarda iş rejimi və məkan haqqında məlumatlandırılmışıq. İslam Oyunlarında könüllülüyün ən sevdiyim üstün cəhəti burada yeni tanışlar və dostlar qazanmaq, dil biliklərimizi təkmilləşdirmək, maraqlı anlar yaşamaqdır”.
Nərmin Xəlilova - Azərbaycan Tibb Universitetinin l kurs tələbəsi
“Artıq dörd gündür ki, arenadayıq. Müxtəlif universitetlərdən olan tələbə könüllülərlə tamaşaçıların qarşılanması, onların zalda yerləşdirilməsi üzrə xidmət göstəririk. Menecer, qrup rəhbərlərimiz bizdən yaşca xeyli böyük olsalar da, bizə həddindən artıq mehriban və dostcasına yanaşırlar”.
Nigar Abdullayeva - Azərbaycan Dövlət İqtisad Universitetinin l kurs tələbəsi
“Fəaliyyətimiz kənardan sadə görünməsinə baxmayaraq, məsuliyyət və dəqiqlik tələb edir. Mən cüdo yarışlarını izləmək üçün Heydər Əliyev adına İdman Arenasına gələn tamaşaçıların tribunada yerləşdirilməsinə köməklik göstərirəm. Fərqli ölkələrdən olan tamaşaçılarla ingilis dilində ünsiyyət qururuq”.
Leyla Vahidzadə - Bakı Dövlət Universitetinin II kurs tələbəsi
“Könüllü olmaq kollektivdə işləmək bacarıqlarımıza və asanlıqla ünsiyyət qurma keyfiyyətlərimizə müsbət təsir göstərir. Yeni dostlar qazanmaq, fərqli ölkədən olan insanlarla tanış olmaq və onlara kömək etmək bizi sevindirir”.
Fatimə Süleymanlı - Odlar Yurdu Universitetinin II kurs tələbəsi
“Artıq bir həftə əvvəl “Bakı Kristal Zalı”nda iş rejimimiz başlayıb. Komanda yoldaşlarımla bərabər tamaşaçılara kömək edir, onları tribunaya yönləndiririk. Olduqca maraqlı və əyləncəli işimiz var”.
S.Xankişiyeva