Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında cüdo üzrə komanda yarışlarının finalında Əlcəzair yığmasına qalib gələn Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasına Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva baxıblar.
Milli komandamız gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gəlib.
Komandamızın heyətində Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90), Uşanqi Kokauri (90 kiloqramdan yuxarı) yer alıblar.
Yarışda bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.
S.Xankişiyeva