Buenos-Ayres şəhərində Argentina Kino və Audiovizual Sənət Milli İnstitutunun nəzdində fəaliyyət göstərən “Gaumont” kinoteatrında Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunmuş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nümayişdə Argentinada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, müxtəlif dövlət qurumlarının rəsmiləri, ali məktəblərin müəllim-tələbə heyəti üzvləri, mətbuat nümayəndələri, habelə ictimaiyyətin digər təmsilçiləri iştirak edib.
Əvvəlcə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov II Dünya müharibəsində SSRİ tərəfindən qazanılmış qələbədə Azərbaycan xalqının əhəmiyyətli töhfəsindən bəhs edib.
Qonaqlara məlumat verilib ki, müharibə illərində 700 min azərbaycanlı cəbhəyə yola salınıb, onlardan 300 mini döyüşlərdə həlak olub. Eyni zamanda Azərbaycan zavodlarında istehsal olunan hərbi texnika sovet ordusuna əvəzsiz xidmət edib.
Daha sonra səfir bildirib ki, II Dünya müharibəsi zamanı Azərbaycan neftçiləri sovet ordusunun yanacaqla təmin edilməsində misilsiz xidmətlər göstərib və Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Belə ki, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşüb.
Səfir Rəşad Aslanov nümayişin təşkilində göstərilmiş dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkür edib. R.Aslanov qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunmuş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin çəkilməsində əsas məqsəd İkinci Dünya müharibəsində Azərbaycan xalqının rolu, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə tamaşaçıları məlumatlandırmaqdan ibarətdir.
Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
1news.az