Mir Cəlal Paşayevin əsərinə çəkilən filmin Bakıda premiyerası baş tutacaq.
1news.az-ın verdiyi xəbərə görə, “ADDIM” Gənclər Təşkilatının sifarişi ilə “Caspian Media Group” şirkəti tərəfindən görkəmli yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında çəkilən “İki yad adam” filminin Bakıda premyerasının tarixi müəyyənləşib.
Bundan öncə mart ayında Çinin paytaxtı Pekin şəhərində, daha sonra aprel ayında Qazaxstanın paytaxtı Astana şəhərində nümayiş olunan film 29 may tarixində Gürcüstanın paytaxtı Tiflis şəhərində, daha sonra 7 iyun tarixində Bakıda nümayiş olunacaq.
Qeyd edək ki filmin nümayişi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyilə ADDIM-ın həyata keçirdiyi 1-ci Gənc Ailələrin Forumunun açılış mərasimində baş tutacaq.
Filmin prokatının və kommersiya məqsədilə satışı nəzərdə tutulmadığından forum çərçivəsində nümayişindən sonra Park Cinema kinoteatrlar şəbəkəsində xüsusi dəvətlərlə ictimai nümayişləri reallaşdırılacaq.
Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur.
Mir Cəlal Paşayevin 1930-cu illərdə qələmə aldığı əsərdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ərlə-arvadın maraqlı ünsiyyətindən bəhs olunur. Filmdə rolları Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları canlandırıblar.
S.Xankişiyeva