“Günəşli” yatağındakı 7 saylı özüldə vəziyyət nəzarət altındadır.
1news.az-ın xəbərinə görə, bu barədə SOCAR-ın mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunub ki, dünən axşam “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş vermiş, nəticədə qaz təzahürü əmələ gəlmişdi. Lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altına alınıb. Lakin sonradan, bu gün, təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlib və get-gedə artmağa başlayıb. Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılıb, özüldə qazma işləri dayandırılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə gedib və bütün işçi heyətin tam tərkibdə təxliyyə olunması haqqında tapşırıq verib. Bu tapşırığa əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyyə edilib”.
Hazırda mütəxəssislərdən ibarət operatriv qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.
1news.az