Bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi “Avropa günü” münasibətilə Masazırda Ermənistan tərəfindən işğal edilmiş Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə gənc ifaçıların iştirakı ilə konser proqramı təşkil edib.
1news.az-ın məlumatına görə, konsert proqramı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Zəngilan rayon İcra Hakimiyyəti ilə birgə baş tutub.
Əvvəlcə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Aİ nümayəndəliyi rəhbərinin birinci müşaviri Denis Daniilidis tədbirin məcburi köçkün qəsəbəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Onlar Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdən bəhs edib, bu əməkdaşlıq çərçivəsində məcburi köçkünləri əhatə edən bir sıra layihələrin həyata keçirildiyini vurğulayıblar. Qeyd olunub ki, ilk dəfədir ki, Avropa İttifaqı nümayəndəliyi Azərbaycanın məcburi köçkün icması ilə birlikdə “Avropa günü”nü qeyd edir.
Daha sonra konsert proqramı təqdim olunub.
Aİ nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bununla bağlı bildirib ki, builki “Avropa günü” Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyi ilə üst-üstə düşür:
“Bu, həm də Avropada sülh, müdafiə və təhlükəsizliyin 60 illiyidir və biz ümidvarıq ki, sülh Azərbaycan torpağında da çox tezliklə bərpa olunacaqdır".
2017-ci il Avropa Günü Aİ-yə üzv dövlətlərlə birgə cari ilin 6-7 may tarixlərində Lənkəranda da qeyd olunub. “Avropa günü” tədbirlərinn proqramı çox zəngin olub. Buraya gənclərin Aİ və Aİ-yə üzv dövlətlərin səfirləri ilə görüşü, Bakı Filarmoniyasından canlı yayımlanan operanın divası Mariya Kallasın xatirəsinə həsr olunmuş opera qala konserti, sərgilər, filmlər və tələbə viktorinası, ilkin dil kursları və açıq havada konsert daxil idi. Lənkəranın ənənəvi qonaqpərvərliyi sayəsində bütün tədbirlərdə iştirak yüksək səviyyədə olub. Yerli icra hakimiyyətinin göstərdiyi dəstək bütün gözləntilərə artıqlaması ilə cavab verib.
60 il bundan əvvəl II Dünya müharibəsindən sonra sülh və firavanlıq naminə təsis edilmiş Avropa İttifaqı hələ də unikal inteqrasiya layihəsi kimi qalmaqdadır. Bu gün 500000 insanı təmsil edən təşkilat Avropanın ümumi dəyərlərinin demokratik standartların və vətəndaşlarının yüksək həyat keyfiyyətinin güclü təbliğatçısıdır. Aİ bütün dünyada aparıcı ticarət tərəfdaşı və xarici investora çevrilib. Builki “Avropa günü” şənlikləri vahid Avropa üzrə öhdəlikləri bir daha təsdiq edən hadisə funksiyasını yerinə yetirir.
Pərvanə Sultanova