Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanı qəbul edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, dövlət naziri Tamer Al-Sabhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə sıx dostluq və əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu dedi.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı dostluq və qardaşlıq əsasında qurulan əlaqələrimizin müxtəlif sahələrdə sürətli inkişafından məmnunluğunu bildirdi. Səudiyyə Ərəbistanına səfərini və səfər zamanı göstərilən qonaqpərvərliyi yaxşı xatırladığını deyən Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla apardığı danışıqların və fikir mübadiləsinin, eləcə də digər rəhbərlərlə keçirdiyi görüşlərinin onda dərin təəssürat yaratdığını dedi.
Görüşdə sabah Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıldı, bu Oyunların İslam ölkələri arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.
1news.az