Gəncə Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Gəncə şəhər sakini Vəliyev Fidayıl Fəxrəddin oğlunun idarə etdiyi “Skoda Octavia” markalı, 99XU122 dövlət nömrə nişanlı avtomobil Gəncə şəhərinin Nizami rayonu ərazisində saxlanılıb.
Gəncə Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 88.000 ədəd – “Continent”, “King New”, “King Freshpak”, “Cavallo”, “Milano”, “Milano Nano Edition” və “Manchester” adlı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov