Aleksandr Qubanov: “...dahi şəxsiyyət kimi Heydər Əliyevin xalqının köməyinə çatması, xalqla birgə sovet rejiminə qarşı çıxmağı məndə böyük maraq yaratdı”.
Bu haqda 1news.az Diaspor Jurnalistləri Birliyinin mətbuat xidmətindən xəbər verilib:
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun şəxsiyyəti hər zaman əcnəbi müəlliflərin də diqqətini cəlb edib. Buna görə də onun haqqında xarici ölkə vətəndaşları tərəfindən saysız kitablar qələmə alınıb. Ulu öndərlə bağlı daha bir kitabı rusiyalı jurnalist Qubanov Aleksandr Aleksandroviç yazır.
Qeyd edək ki, A.A. Qubanov 1951-ci il fevralın 6-da Rusiyanın Samara şəhərində anadan olub. 1976-cı ildə Kuybışev Dövlət Pedaqoji İnstitutunu bitirib. Rus dili və ədəbiyyatı müəllimi işləyib. Sonradan Samara Dövlət Televiziyasının Xəbərlər studiyasında jurnalist kimi çalışıb. "Volqa -film" kinostudiyasında kinossenarist və rejissor kimi fəaliyyət göstərib. "Volqa -tv" telekompaniyasında baş mütəxəssis kimi çalışıb. İşlədiyi müddətdə Samarada yaşayan azərbaycanlılarla dəfələrlə görüşlərdə iştirak edib. Samaradakı 40 mindən çox sayı olan Azərbaycan diasporunun millətlərarası münasibətdə aktivliyi, milli mədəniyyətinin, adət-ənənələrinin qorunması və təbliğinə həmişə hörmətlə yanaşıb. Nəzərə çatdıraq ki, A.A. Qubanovun ümummilli lider Heydər Əliyev haqqında yazdığı kitabın çap xərclərini Samarada fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin sədri Elmar Rəsulov öz üzərinə götürüb.
- Azərbaycanla tanışlığınız nə vaxtdan başlayıb?
- Həyat belə gətirdi ki, Azərbaycanla və Bakı ilə yaxından tanışlığım 20 Yanvar faciəsindən sonra baş verdi. Sovet tankları şəhərə yeridildi, faciə baş verdi, amma mətbuat yazırdı ki, SSRİ Kommunist Partiyası hakimiyyəti saxlamaq naminə qırğın törətdi. O zaman xəbərlər redaksiyasında redaktor işləyirdim. Doğru məlumatı öyrənmək üçün o dövrdə fəaliyyət göstərən Azərbaycan mədəni cəmiyyəti "Ozan"ın rəhbərlərinə müraciət etdim və onların köməkliyi ilə Bakıya 3 jurnalist ezam olundu. Yerində dəqiq məlumat topladıq və 1990-cı ildə Xəbərlər proqramında 25 dəqiqəlik məlumatı samaralılara çatdırdıq. Bakıda olduğum müddətdə bu faciənin sənədli film kimi tarixdə saxlamaq ideyasını reallaşdırmaq arzusunu həyata keçirə bildim: “Kədərli ana”sənədli filmi çəkildi.
-Sizi Heydər Əliyev haqqında kitab yazmağa nə vadar edib?
- Azərbaycan xalqına simpatiyam o faciəli günləri gözümlə görəndən sonra bir az da artdı. Xalqın iradəsini qıra bilmədilər. Azərbaycan xalqı daha da gücləndi. Heydər Əliyevin Moskvadakı çıxışı və sonradan Azərbaycana qayıdışı məndə inam yaratmışdı ki, bu dahi insan öz xalqını bu bəladan xilas edəcək və elə də oldu. Bu gün Azərbaycan inkişaf edən ölkələr sırasındadır. 26 ildən çox keçməsinə baxmayaraq, mən həmişə azərbaycanlılarla sıx əlaqə saxlayıram, tədbirlərində iştirak edirəm. Mən deyəndə ki, Heydər Əliyev barədə kitab yazmaq istəyirəm, təəccübləndilər. Fikrimi izah etdim ki, belə dahi bir insanın barəsində yazmaq həm çətin, həm də şərəfdir. Bu kitab mənim 25 illik müşahidəmin məhsuludur. Samarada yaşayan azərbaycanlılarla yaxın münasibətim var deyə onlarda vətənə məhəbbət hislərinin nə qədər yüksək olduğunu görürdüm və bir jurnalist kimi bu xalqın tarixini, adət-ənənələrini öyrənməyə başladım. Əlbəttə, bu xalqın çox dahi insanları var. Hər biri barəsində kitab yazmaq olar. Amma 1990-cı ildə bu xalqın başına gətirilmiş faciələrdən sonra bir lider, dahi şəxsiyyət kimi Heydər Əliyevin xalqının köməyinə çatması, xalqla birgə sovet rejiminə qarşı çıxmağı məndə böyük maraq yaratdı.
Ümid edirəm ki, Samarada fəaliyyət göstərən "Azərbaycan" cəmiyyəti bu kitabı ulu öndərin 95 illik yubileyinə hədiyyə etmək arzumu reallaşdırmağa kömək edəcək.
-Heydər Əliyevlə yaxından görüşünüz olubmu?
- Yox, bu dahi insanla görüşmək mənə qismət olmadı. Bilirsiz, mən adi bir rusiyalı jurnalistəm. Onunla görüşmək mənim üçün bir əlçatmazlıq idi.
-Yəqin ki, bir jurnalist olaraq ondan müsahibə almaq arzunuz olub.
- Əlbəttə, olub. Qeyd etdiyim kimi, görüşmək qismət olmadığı kimi, müsahibə almaq arzuma da çatmadım. Çox arzulayıram ki, heç olmasa, onun oğlu, Prezident İlham Əliyevlə görüşüm.
-Heydər Əliyev Moskvada da uzun müddət çalışıb. Onun həmin illərdəki fəaliyyətini necə xatırlayırsız?
- Heydər Əliyevin 1982-ci ildə Birinci katib vəzifəsindən birbaşa Moskvaya birinci mavin vəzifəsinə yüksəlməsi çoxlarında maraq yaratmışdı. Çox maraqla onun fəaliyyətini izləyirdik. Bir azərbaycanlının Mərkəzi Komitədə belə yüksək vəzifə tutması heç də asan məsələ deyildi.
S.Xankişiyeva