Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsinə bir daha dərin ehtiramını ifadə edir. Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir. 1969-cu ildə ilk dəfə sovet Azərbaycanına rəhbərliyə başlayanda ovaxtkı Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri demək olar ki, sovet məkanında ən aşağı səviyyədə idi. Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində Azərbaycan Respublikası ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir və əgər Sovet İttifaqında Rusiya Federasiyasından başqa iki özünü təmin edən və donor respublika var idisə, onlardan biri Azərbaycan idi.
Məhz onun rəhbərliyi və təşəbbüsü ilə bir çox önəmli layihələr icra olunmuşdur, kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Kənddə yaşayanlar öz həyat səviyyələrini yaxşılaşdıra bilmişlər. O vaxt Azərbaycanda sənayenin inkişafı çox sürətlə gedirdi. Neft sənayesi inkişaf edirdi. Bir çox önəmli infrastruktur layihələri icra edilmişdir ki, bu gün də müstəqil Azərbaycan üçün onların böyük əhəmiyyəti vardır. Heydər Əliyevin rəhbərliyi ilə o vaxt Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı çox ciddi mübarizə aparılırdı və bu göstəriciyə görə də Azərbaycan sovet məkanında fərqlənirdi.
Bir sözlə, 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə respublika çox böyük uğurlu yol keçmişdir. Heydər Əliyevin fəaliyyəti sovet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, 1982-ci ildə hakimiyyətə gəlmiş Yuri Andropov ilk təyinatını Heydər Əliyevi Moskvaya dəvət etməklə etdi. Yuri Andropov hakimiyyətə geniş islahatlar gündəliyi ilə gəlmişdi. Nizam-intizamın möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin aparılması, iqtisadi islahatlar o proqramın tərkib hissələri idi. Əlbəttə ki, Heydər Əliyev kimi böyük şəxsiyyət, lider bütün bu yeni meyarlara tam cavab verirdi.
Bakıdan Moskvaya gedəndən sonra Heydər Əliyev üçün yeni dövr başladı. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində ən yüksək vəzifələrdən birini tuturdu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü idi. Onun kurasiyasında bir çox sahələr var idi ki, o sahələr Heydər Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməyə başlamışdı. Əlbəttə ki, Azərbaycanda mövcud vəziyyət, Azərbaycanın problemləri onu daim maraqlandırırdı və o, çalışırdı ki, yeni imkanlardan istifadə edərək Azərbaycan Respublikasına kömək etsin. O vaxt Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edilmişdir.
Ancaq əfsuslar olsun ki, Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə uğramağa başladı. Bu tənəzzül özünü müxtəlif sahələrdə büruzə verirdi. Artıq o dinamika hiss olunmurdu. Ancaq Heydər Əliyevin müəyyənləşdirdiyi yol bu dövrdə də Azərbaycanın inkişafına xidmət edirdi və yeganə təkanverici qüvvə idi.
Bildiyiniz kimi, 1987-ci ildə Heydər Əliyev tamamilə əsassız ittihamlarla bütün vəzifələrdən kənarlaşdırıldı. Bunun səbəbləri haqqında geniş ictimaiyyətdə kifayət qədər məlumat var. Sovet rəhbərliyində ən fəal, işgüzar və nəticə verən şəxs heç bir əsas olmadan bütün vəzifələrdən kənarlaşdırıldı. Burada əlbəttə ki, şəxsiqərəzlik məsələləri öz rolunu oynamışdır. Heydər Əliyev böyük şəxsiyyət idi, həmişə bütün məsələlərlə bağlı öz mövqeyini müdafiə edirdi, o vaxt yenidənqurma adı altında aparılan bir çox işlərə tənqidi yanaşırdı, onları qəbul etmirdi. Bilirdi ki, onların heç bir səmərəsi olmayacaq, əksinə, bunlar çox böyük zərər gətirə bilər. Əlbəttə ki, belə bir müstəqil şəxsiyyətin, özü də sovet məkanında böyük nüfuza malik olan şəxsiyyətin mövcudluğu o vaxt öz imkanlarına inanmayan, təsadüf nəticəsində hakimiyyətin zirvəsinə qalxan şəxsin xoşuna gələ bilməzdi. Bir də əlbəttə ki, Heydər Əliyevin istefasını ona qarşı olan paxıllıq, qısqanclıq və digər mənfi xüsusiyyətlər şərtləndirdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevə qarşı o vaxt sovet məkanında formalaşan erməni qruplaşmaları da rol oynamışdır. Əfsuslar olsun ki, burada, Azərbaycanda donos, anonim məktub yazanlar, vaxtilə rüşvətxorluğa, digər pozuntulara görə onun tərəfindən cəzalandırılan ünsürlər də öz məkrli məktubları ilə Heydər Əliyevə zərbə vurmaq, ondan qisas almaq üçün çirkin əməllər törədirdilər.
Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, ovaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Əlbəttə, Sovet İttifaqının dağılmasının səbəbləri kifayət qədər çoxdur. Ancaq onun əsas səbəbləri əlbəttə ki, yanlış milli siyasət olmuşdur. Sovet İttifaqını böyük dövlət kimi saxlayan məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da ki, qəsdən çox ziyanlı addımlar atmışlar. Onların arasında Dağlıq Qarabağdakı erməni millətçilərinin, separatçılarının vaxtında cəzalandırılmaması məsələsi xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən sonra digər yerlərdə də toqquşmalar baş verdi və nəticə etibarilə Sovet İttifaqı dağıldı.
Heydər Əliyev 1990-cı ilə qədər pensiyaçı həyatını yaşayırdı. 1990-cı ildə xalqımıza qarşı qanlı 20 Yanvar cinayəti törədildi. Bu cinayətin də başında dayanan məhz ovaxtkı sovet rəhbəri olmuşdur. Əfsuslar olsun ki, bu günə qədər o, bu və digər cinayətlərə görə məsuliyyət daşımır və bu məsuliyyətdən yayına bilmişdir.
Heydər Əliyev xalqımız üçün ağır anda yenə də göstərdi ki, o, xalqla bir yerdədir. Yaxşı yadımdadır, 1990-cı il yanvarın 21-də o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmişdi, - mən fəxr edirəm ki, onun yanında idim, - və orada böyük bir izdiham yaranmışdı. Oraya yığışan azərbaycanlılar öz etirazlarını hansısa formada ifadə etməyə çalışırdılar. Biz oraya yaxınlaşanda sakitlik idi. Yəni, insanlar sadəcə olaraq nümayəndəliyin önündə dayanmışdılar, sanki nəyisə gözləyirdilər və Heydər Əliyev gəldi, onlar onun simasında yenə də lideri gördülər. Baxmayaraq ki, o, heç bir vəzifə daşımırdı, 3 il idi pensiyaçı həyatı yaşayırdı. Eyni zamanda, ona qarşı həm sovet, həm də Azərbaycan mətbuatında təşkil edilmiş çirkin, böhtan xarakterli yazılar da gedirdi. Ona qarşı çox ədalətsiz və çirkin kampaniya aparılırdı. Ancaq insanların qəlbində Heydər Əliyev milli lider və güclü şəxsiyyət kimi yaşayırdı. İnsanlar onu görəndə kənara çəkildilər və biz açılan o canlı dəhlizlə binaya daxil olduq. Mətbuat konfransı təşkil edildi və Heydər Əliyev sovet rəhbərliyini, onun siyasətini qətiyyətlə pislədi, Azərbaycan xalqına başsağlığı verdi və sovet hakimiyyətinin hərəkətlərinə öz kəskin münasibətini bildirdi.
Deyə bilərəm, Sovet İttifaqında bəlkə də ilk hadisə idi ki, sovet rəhbərliyi, onun başında dayanan şəxs açıq mətbuat konfransında belə pislənildi. Onu da qeyd etməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq.
Yəni, bu addımı atmaqla Heydər Əliyev, ilk növbədə, xalqla bir yerdə olduğunu, cəsarətini, milli ruhunu göstərdi. Göstərdi ki, onun üçün Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Göstərdi ki, ən ağır faciəvi günlərdə o, xalqla bir yerdədir. Təbii ki, ondan sonra ona qarşı aparılan kampaniya daha da eybəcər formalar almışdır. Ona qarşı yenə də mətbuat kampaniyaları aparılırdı, təzyiq göstərilirdi. Bizdə olan məlumata görə, sovet rəhbərliyi onun həbsi ilə bağlı qərar da qəbul etmişdi.
Ondan sonrakı tarixi Azərbaycan ictimaiyyəti yaxşı bilir. Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxıb Azərbaycana gəldi. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi də sovet rəhbərliyinin göstərişi ilə oturub-dururdu və Heydər Əliyevə qarşı Bakıda da ədalətsizlik göstərilmişdir. Təşkil edilmiş insanlar aeroportda mitinq keçirirdilər, onun gəlişinə maneçilik törətməyə çalışırdılar və digər xoşagəlməz, insana yaraşmayan addımlar da atılmışdır.
Heydər Əliyev Naxçıvana üz tutdu və bu da hesab edirəm ki, tarixi zərurət idi. Çünki o vaxt Naxçıvan da təhlükə altında idi. Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar. Tam əminliklə deyə bilərəm ki, əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı, bəlkə Naxçıvan da işğal oluna bilərdi. O, Naxçıvanı qorudu, naxçıvanlılar da onu qorudular. O vaxt Naxçıvanda da qanlı döyüşlər gedirdi və özünümüdafiə qüvvələri erməni qəsbkarlarını yerinə oturtdular.
Heydər Əliyev Naxçıvanda yaşayırdı, işləyirdi. Xalq onu dəstəkləyirdi və o da xalq üçün yaşayırdı. O vaxt Naxçıvanda önəmli qərarlar qəbul edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı rəsmi bayraq kimi qəbul edildi. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Naxçıvan Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Yəni, bu, müstəqilliyə aparan ilk addımlar idi. Naxçıvanda Yeni Azərbaycan Partiyası öz birinci təsis konfransını keçirdi və beləliklə, Azərbaycanda siyasi sistem formalaşdı. Əlbəttə ki, xalq da bunu bilirdi, görürdü, həm Naxçıvanda, həm Bakıda. Xalq Heydər Əliyevin Bakıya gəlməsini səbirsizliklə gözləyirdi.
Sonra AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi. Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi, cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
O da bir dönüş nöqtəsi idi. Çünki Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Həm siyasi böhran, hərbi böhran, iqtisadi tənəzzül yaşanırdı və əlbəttə ki, ölkəmizin gələcək taleyi çox qaranlıq idi. Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müddət ərzində Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxarmışdır. Baxmayaraq ki, hələ 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir və o cəhdin də qarşısını Azərbaycan xalqı aldı. Heydər Əliyev o vaxt da liderlik keyfiyyətlərini nümayiş etdirib, xalqa televiziya vasitəsilə müraciət edib, onu dövləti müdafiə etməyə dəvət edib və onun müraciətinə cavab olaraq on minlərlə insan meydanlara, küçələrə, Prezident Administrasiyasının önünə toplaşdı və beləliklə, həm 1994-cü ildə, həm 1995-ci ildə dövlət çevrilişinə cəhd alınmadı.
1996-cı ildən isə artıq sabitlik, inkişaf dövrü başlayır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü. O vaxt dövlətçiliyin əsasları qoyuldu. O vaxt azərbaycançılıq ideologiyasının təqdimatı oldu və xalq da buna çox müsbət yanaşdı və bu gün də azərbaycançılıq fəlsəfəsi bizim mühüm ideoloji əsasımızdır. O vaxt ciddi iqtisadi islahatlar aparılmışdır. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu gün də “Əsrin kontraktı”nın əhəmiyyətini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatda görür. Abadlaşan şəhərlər, gözəlləşən ölkəmiz, yaradılan infrastruktur və inkişafda olan Vətənimiz, bunun əsas səbəbi o vaxt Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi idi.
1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır.
Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına son müraciətində gördüyü işlər haqqında danışmışdır və eyni zamanda, demişdir ki, hələ onun bir çox planları var. O, öz ümidini ifadə etmişdir ki, onun görə bilmədiyi işləri onun davamçıları görəcək və belə də oldu.
2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır. Sabitliyin mənbəyi də Azərbaycan xalqının iradəsidir. 2003-cü, 2008-ci, 2013-cü illərdə keçirilmiş prezident seçkiləri bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi. Keçən il keçirilmiş referendum da Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Bu gün xalq-iqtidar birliyi ən yüksək səviyyədədir və sabitliyin əsasını qoyan, bax, bu amillərdir.
Heydər Əliyev 1993-cü ildə Azərbaycanda dərin siyasi islahatlara start verdi. O, başqa yol da seçə bilərdi. Ancaq o, həmişə deyirdi ki, bizim yolumuz demokratik inkişaf yoludur. Siyasi islahatların aparılması ilə Azərbaycanda demokratiyanın inkişafına çox böyük təkan verilmişdir. Bu gün Azərbaycanda bütün azadlıqlar var. Azərbaycan cəmiyyəti azadlıq şəraitində yaşayır, siyasi islahatlar davam etdirilir. Biz demokratik yolumuza dəfələrlə öz sadiqliyimizi göstərmişik.
Heydər Əliyev 1993-cü ildə uğurlu xarici siyasət aparmağa başlamışdır. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. O vaxta qədər Azərbaycan haqqında dünyada, ümumiyyətlə, məlumat yox idi, ya da ki, erməni lobbiçiləri dünya ictimaiyyətinə ölkəmiz haqqında yanlış, təhrif edilmiş məlumat çatdırırdılar. Heydər Əliyev o informasiya blokadasını dağıda bildi. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bir çox önəmli beynəlxalq tədbirlər, forumlar keçirilir. Azərbaycan 155 ölkənin dəstəyi ilə dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Biz bu istiqamətdə də Heydər Əliyevin siyasətinə sadiqliyimizi göstərdik, onun siyasətini davam etdirdik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da biz Heydər Əliyev kimi prinsipial mövqeyimizi müdafiə edirik və bu mövqe gündən-günə güclənir. 2003-cü ildən bu günə qədər aparıcı beynəlxalq təşkilatların qərarları, qətnamələri də bunu təsdiqləyir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı. Bütün bu təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi əks etdirən ədalətli qərarlar, qətnamələr qəbul etmişlər və Ermənistanın işğalçı siyasətini pisləmişlər. Artıq bu illər ərzində Xocalı soyqırımını dünyanın bir çox ölkələri rəsmən soyqırımı kimi tanıyıb və bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u heç kim tanımayıb. Minsk qrupuna həmsədrlik edən ölkələr bunu bəyan etdilər ki, bu “referendum”u tanımırlar. Qonşu ölkələr eyni bəyanatlar verdilər, beynəlxalq təşkilatlar bu bəyanatlarla bir daha göstərdilər ki, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşırlar və Dağlıq Qarabağı, bu qondarma qurumu tanımırlar və əminəm ki, tanımayacaqlar.
Ordu quruculuğu Heydər Əliyev üçün prioritet məsələ idi. Çünki o, hakimiyyətə gələndə bizdə nizami ordu yox idi. Bizim əsas problemimiz də bundan qaynaqlanırdı. Ordu quruculuğu prosesi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ordu quruculuğu prosesi uğurla gedir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu bütün beynəlxalq reytinqlər də təsdiqləyir. Həm maddi-texniki təminat, təchizat, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu baxımından bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu keçən ilin aprel ayında baş vermiş toqquşma da göstərdi. Qəhrəman Azərbaycan əsgər və zabitləri işğal edilmiş torpaqların bir hissəsini – Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi, - Füzuli, Cəbrayıl rayonlarının torpaqlarını işğalçılardan azad etdilər, orada Azərbaycan bayrağı qaldırıldı. Budur, bugünkü Azərbaycan Ordusu. Biz Ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, Ordumuzun uğurlarına kölgə salsın.
Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, Ordumuzu ləkələsinlər. Bizim Ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoymuşdur. Biz isə onun davamçılarıyıq, bu yolla gedirik və Ordumuz üçün nə lazımdırsa onu da edəcəyik.
Heydər Əliyev dərin iqtisadi islahatların başlanmasına təkan verdi. Bu gün Azərbaycan iqtisadiyyatı bütün parametrlərə görə bütün ölkələr üçün nümunə ola bilər. Son illər ərzində - 2004-cü ildən bu yana ümumi daxili məhsul 3 dəfə artıb, 1 milyon 700 min yeni iş yeri yaradılıb, bütün infrastruktur demək olar ki, yeniləşib. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcdan beş dəfə çoxdur. Valyuta ehtiyatlarımız təxminən ümumi daxili məhsula bərabərdir. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə iqtisadiyyatımızı 37-ci yerə layiq görüb. İnkişafda olan ölkələrin reytinqinə gəldikdə isə Davos Forumu bizi 1-ci, 2-ci yerə layiq görür. Budur, bu gün Azərbaycan iqtisadiyyatı və bizim uğurlu iqtisadi siyasətimiz.
Bunu sosial siyasətə də aid etmək olar. Məktəblər, xəstəxanalar. Hər il beş milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Məncə, heç bir başqa ölkədə belə bir praktika yoxdur. Bizim dövlətimizin sosial siyasəti çox uğurludur. Həmişə demişəm ki, biz bütün işləri xalq üçün edirik və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Heydər Əliyevin rəhbərliyi ilə uğurlu neft siyasəti aparılır. Heydər Əliyevin neft strategiyası bu gün də davam etdirilir. Onun öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi. Ondan sonra Bakı-Tbilisi-Ərzurum, daha sonra demək olar ki, həmin xətlə gedən Bakı-Tbilisi-Qars dəmir yolu, bu gün Cənub Qaz Dəhlizi. Azərbaycanın qaz yataqları dünya ilə birləşir. Biz dənizləri birləşdirdik. Xəzər dənizini Aralıq dənizi ilə, Qara dənizlə, Adriatik dənizi ilə birləşdirdik. Heydər Əliyevin neft strategiyası bu gün davam etdirilir.
Bakı şəhəri bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakının müasir rəmzləri yaradıldı. Onlardan biri də Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzidir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışının beşinci ildönümüdür. Beş il bundan əvvəl biz Heydər Əliyev Mərkəzində ilk görüşü keçirmişdik. Bu, bir müstəqillik, inkişaf rəmzidir. Mənim fikrimcə, müasir memarlıq əsərləri arasında Heydər Əliyev Mərkəzi birinci yerdədir.
Yəni, dediyim sözlər bir daha onu göstərir ki, Ulu Öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz – onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik. Sağ olun.
x x x
Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.
Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.
Əvvəlcə Azərbaycanın Xalq Şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında dövlətimizin başçısının Sərəncamı oxundu.
Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim etdi.
Heydər Əliyev Mükafatına görə minnətdarlığını bildirən Xalq Şairi Nəriman HƏSƏNZADƏ dedi:
-Cənab Prezident, biz Sizin ədəbiyyatımıza, yaradıcı ziyalılarımıza göstərdiyiniz qayğını, diqqəti həmişə görmüşük, hiss etmişik. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Biz Sizin daxili, xarici siyasətinizi müdafiə edirik. Ulu Öndərimiz çıxışlarının birində deyib ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Cənab Prezident, Siz bizim günəşimizsiniz. Ulu Öndərimizi görüşlərin birində qarşılayanda mən bir şeir söyləmişəm. Həmin şeiri Ulu Öndər özü alqışlayıb. İcazə verin, o şeiri burada oxuyum:
Ey eşqim, vüqarım, sənətim, canım,
Ana çağırdığım, Azərbaycanım.
Açıb qollarımı mehri-ülfətlə,
Bağrıma basıram səni hörmətlə.
Sən de, ey adı ilə fərəhləndiyim,
Şanlı sədasıyla ürəkləndiyim.
Xalqımın istəkli, əziz övladı,
Şeirimin, sözümün qolu, qanadı.
Sənin hər istəyin, sənin hər arzun
Həyatda qoy şöhrət çələngi olsun.
Qaldırdın adını bu məmləkətin,
Andın müqəddəsdir, südün təmizdir.
Mənim taleyimdir sənin şöhrətin,
Tarixdə tarixi mərhələmizdir.
Gəlin, addımlayaq sülh cərgələrlə,
Gəlin, qabaqlayaq dövrü zamanı.
Daim alqışlayaq yalnız zəfərlə,
Ana dediyimiz Azərbaycanı!
Sizə, cansağlığı arzu edirəm, cənab Prezident. Sizə minnətdarlığımı bildirirəm.
x x x
Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olundu.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
Mükafata görə təşəkkürünü bildirən akademik Vasim MƏMMƏDƏLİYEV dedi:
-Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım.
Sözün doğrusu, bu qəfil məlumatdan özümü bir qədər itirdim. Çünki heç ağlıma gəlməzdi ki, mənim o kiçik əməyim, özüm üçün normal bir fəaliyyət dairəsi hesab etdiyim o kiçik əmək bu gün bizim dövlətimiz, bizim möhtərəm Prezidentimiz, bizim Birinci vitse-prezidentimiz tərəfindən belə yüksək mükafatla qiymətləndiriləcək. Mən buna görə Sizlərə çox minnətdaram.
Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, bu yüksək mükafatı mənə verdiyiniz üçün Sizə dərin hörmət və ehtiramımı bildirirəm.
Bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycanda bu gün çox gözəl siyasi, mənəvi iqlim var. Azərbaycanda insanlar arasında çox gözəl ünsiyyət var. Xalqla iqtidar arasında böyük birlik var. Bunların hamısının səbəbkarı bizim hörmətli Prezidentimiz və hörmətli birinci xanımımızdır. Mən həmişə bir şeyə fikir vermişəm ki, Mehriban xanım çox səmimidir, - təbii ki, bu məziyyət doğulduğu, tərbiyə aldığı ailədən gəlir, - mədəniyyətin, elmin hamilərindən biridir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatı, yaradıcılığı, fəaliyyəti bu gün Mehriban xanımın təşəbbüsü ilə araşdırılır və cəmiyyətə təqdim olunur. Cəmiyyət bilir ki, hər hansı bir şəxs müəyyən bir iş görürsə o, Mehriban xanımın nəzərindən qaçmayacaq. Necə ki, mənim kiçik fəaliyyətim də bu gün onun nəzərindən qaçmayıb və mən belə bir mükafata layiq görülmüşəm.
Onu da deyim ki, xalq bizim möhtərəm Prezidentimiz İlham Əliyevi və Mehriban xanım, Sizi çox sevir. Xalqın gözü tərəzidir. Xalq Sizin böyük xidmətlərinizi, fəaliyyətinizi çox yüksək qiymətləndirir. Bu da təbiidir. Mehriban xanım Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın, dilimizin, musiqimizin, rəngkarlığımızın, bütün incəsənətimizin nümayəndələrinin xidmətlərini sözün həqiqi mənasında görür, bilir və onları nə cür lazımdırsa mükafatlandırır.
Mən hesab edirəm ki, Siz xalqımızın maarifpərvər xanımlarının ənənələrini bu gün uğurla davam etdirirsiniz. Bu, müasir dövrdə incəsənətimizə, elmimizə, ədəbiyyatımıza, musiqimizə Sizin tərəfinizdən verilən böyük qiymətdir. Xalqımız Sizi həmişə çox sevəcək, çünki Siz buna layiqsiniz. Mən inanıram ki, Siz bizim hörmətli Prezidentimizlə qoşa qanad olaraq Azərbaycanı bundan sonra da yeni-yeni yüksəkliklərə qaldıracaqsınız.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Təntənəli mərasim bədii hissə ilə davam etdi.
1news.az