Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun komandasında çalışanlar arasında türk mənşəli Yaqub Çelik də var.
1news.az “cnnturk”ə istinadla xəbər verir ki, Çelik Makronun komandasında həm millət vəkilliyinə namizəddir, həm də Avropa bürosu üzrə cavabdeh şəxsdir.
“Prezident seçkiləri üçün əlimizdən gələni etdik. Bütün təcrübə və enerjimizlə aktiv olaraq çalışdıq. Sonunda haqq etdiyimizi alaraq seçkiləri qazandıq", Çelik deyib.
O bildirib ki, Makron Türkiyənin nə qədər əhəmiyyətli bir tərəfdaş olduğunun fərqindədir:
“Seçkilərdən sonra Türkiyə və Fransa arasında əlaqələrin böyük ölçüdə inkişaf edəcəyini düşünürük. Bu istiqamətdə tarixi bir vəzifə alaraq əlimdən gələni artıqlaması ilə etməyə çalışacam. Makronun Türkiyəyə baxışı müsbətdir. Türkiyənin böyük və əhəmiyyətli bir regional güc olduğunun fərqindədir. Xüsusilə, Ankaranın bölgəyə qaçqın axınına olan dəstəyini hər zaman təqdir edir.
Makron müsəlmanları və türkləri Fransanın əhəmiyyətli parçası olaraq görür. Türkiyənin Avropa İttifaqı və beynəlxalq əlaqələrdə yaşadığı problemləri həll etmək üçün lazımi addımlar atmağa hazırdır”.
Qeyd edək ki, Türkiyə mənşəli Yaqub Çelikin ailəsi 70-ci illərdə Gümüşhanədən Fransaya gedib. Bacısı və özündən başqa digər ailə üzvləri Türkiyəyə geri dönüb. Çelik iqtisadiyyat üzrə təhsil alıb, 2010-cu ildə bələdiyyə başçısının köməkçisi və bələdiyyə məclis üzvlüyü vəzifələrində çalışıb. 2014-cü ildə üzvü olduğu Sosialist partiyasından istefa verib.
Pərvanə Sultanova