Bu gün Azərbaycan bir çox ölkələr kimi faşizm üzərində qələbənin 72-ci ildönümünü qeyd edir.
İkinci Dünya Müharibəsi ən qanlı müharibə kimi tarixdə dərin iz buraxıb. Bu amansız müharibədə milyonlarla insan həlak olub, yaralanıb, minlərlə şəhər, kənd, qəsəbə viran qalıb.
Qeyd edək ki, SSRİ-nin tərkibində olan respublikalardan biri kimi Azərbaycan faşist Almaniyası üzərində qələbədə əvəzsiz rol oynayıb. Bu müharibədə Azərbaycandan 640 mindən çox insan iştirak edib ki, onların da təxminən yarısı döyüş meydanında həlak olub.
Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
Həmin dövrdə arxa cəbhədə də qızğın iş gedirdi. Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Ölkə qospitallarında isə cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.
Qələbəyə Azərbaycanın ən böyük töhfəsi isə heç şübhəsiz Bakı neftidir. Böyük Vətən müharibəsində Azərbaycan nefti həlledici amillərdən olub. Belə ki, qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib.
Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi.
İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı neftinin rolu, neftçilərimizin gərgin əməyi isə Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmində öz əksini tapıb.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın irəli sürdüyü ideya əsasında hazırlanmış filmin prodüseri Lui Vodvil, rejissoru isə Robert Maqnerotdur.
Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edən filmdə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rəşadəti, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl məlumat verilir.
Məşhur “National Geographic” kanalında da nümayiş etdirilən film bir çox ölkələrdə maraqla qarşılanıb.
Faşist Almaniyası üzərində qələbənin qazanılmasında Azərbaycan neftinin əhəmiyyətindən və neftçilərimizin fədakarlığından bəhs edən həmin filmi təqdim edirik:
Babək Cahandarov