Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-30 aprel tarixlərində aparılan araşdırma nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 158 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 56 iş üzrə 63600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 45079,44manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 268 iş üzrə 53132,16 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 28, icra qurumlarına 24, məhkəmələrə isə 5 iş göndərilib.
1news.az