Bu gün Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal olunmasının 25 ili tamam olur.
1news.az-ın məlumatına görə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı.
Şuşanın işğalı zamanı yerli əhalidən 200-ə yaxını şəhid, 150 nəfəri əlil olub. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. 552 körpə yetim qalıb, 22 minə yaxın insan öz yurdundan didərgin düşüb.
Şuşa şəhərinin tarixi və mədəniyyəti
Şuşa - şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757 ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib.
Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olub və inkişaf edib. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. “Xəzinə qala” mağarası da orada yerləşirdi.
Şuşada ilk tamaşa isə 1848-ci ildə səhnələşdirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoyub.
Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev - muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, qala divarı və s.
Şərqin konservatoriyası
“Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.
Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, “Vətən dili”nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulub.
Şuşanın işğalında Rusiyanın 366-cı alayının 40 zirehli texnikası yaxından iştirak edib
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.
Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.
Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.
Şuşanın təbii sərvətləri və tarixi abidələri talan olunur
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Belə ki, Şuşanın işğalı zamanı 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb.
O cümlədən, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilib.
Belə ki, erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələrə və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləboran ediblər.
Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Şuşanın təbiətinə sağalmaz yaralar vurulub
İşğal zamanı Şuşanın füsunkar təbiətinə də ciddi ziyan vurulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, ümumi sahəsi 29356 hektar olan Şuşanın ərazisi müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklərlə zəngindir. Qafqazın ən iri mineral bulaqlarından sayılan Turşsu və Şırlan məhz bu ərazidə yerləşir.
Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min m3 olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min m3/ gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min m3/gün və 25 min m3/gün olan Şirlan və Turşsu mineral su yataqları var.
1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.
Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilib, 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair faktlar aşkarlayıb. Həmin sübutlar aşağıdakılardır:
- Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub.
- Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılmış və orada inşaat işləri aparılıb.
- Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası” amansızlıqla məhv edilib.
- Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb.
- Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib.
Dünya birliyi hələ də susur
Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır.
BMT Təhlükəsizlik Şurasının İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı Qətnamə və 1690 saylı Tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir.
Babək Cahandarov