Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olunmaq istəyən bakalavrlar 2017/2018‑ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verəcəklər.
Dövlət İmtahan Mərkəzindən (DİM) 1news.az-a verilən məlumata görə, bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının birinci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar mayın 22-dək keçirilən proqram seçimi zamanı DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq müvafiq proqramı seçməlidirlər.
Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 nömrəli qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50 və 53 nömrəli proqramları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar iyunun 4-də magistraturaya qəbul imtahanının ikinci mərhələsində müvafiq proqramlar üzrə test imtahanı verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə iyunun 6–dan 7-dək DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və iyunun 8–dən 10-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.
1news.az