Mayın 12-də təntənəli açılış mərasimi ilə start veriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mayın 8-də və 9-da başlayacaq futbol və həndbol yarışlarında iştirak edəcək atletlər Azərbaycana gəlirlər.
1news.az “Bakı-2017”nin rəsmi saytına istinadla xəbər verir ki, futbol yarışının ilk günündə “B” qrupunda yer alan Səudiyyə Ərəbistanı yığması “Azal Arena”da Mərakeş millisi ilə qarşılaşacaq. Azərbaycan milli komandası isə Kamerun yığması ilə üz-üzə gələcək.
Atletlər Kəndində Mərakeş, Kamerun, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinin bayraqlarının dalğalanması Oyunların artıq başlamaq üzrə olduğunu göstərir.
On səkkiz ölkənin ilk nümayəndə heyətləri 57 ölkənin 3,5 min idmançısının məskunlaşdığı kompleksdə məskunlaşıb və bəzi komandalar parkda təlim keçir.
İki il əvvəl birinci Avropa Oyunları üçün tikilmiş Atletlər Kəndində təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Bundan əlavə, idmanın 20 növü üçün 16 görüş yerindən istifadə edilməsi nəzərdə tutulur.
Doğma vətənlərindən uzaqda olan idmançıların istirahətinin səmərəli təşkili üçün əyləncə tədbirləri də təşkil edilir. Canlı musiqi üçün böyük səhnə quraşdırılıb. İdmançılar iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar quraşdırılan simulyatordan da istifadə edə bilərlər.
“Hər kəs mehribandır. Qidaya asanlıqla öyrəşirik. Biz burada ən azı bir medal qazanmaq niyyətindəyik. Burada adrenalin çox yüksəkdir”, - deyə Kamerun milli futbol komandasının mətbuat katibi Filip Boney bildirib.
Oyunlarda Azərbaycan 335 idmançıdan ibarət komanda ilə mübarizə aparacaq. Komandamız idmançıların sayına görə yalnız Türkiyədən geridə qalır.
1news.az