Mayın 7-də Azərbaycanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.
1news.az Azərtac-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq tanınmış alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək akademik Rəfiqə Əliyevanın zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açıblar, alimlə bağlı xatirələrini bölüşüblər.
Sonra mərhumun ailəsi adından qızı Fəxriyyə Xələfova çıxış edib.
Vida mərasimindən sonra tanınmış alimin cənazəsi son mənzilə yola salınıb.
Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
1news.az