Bakı Şopinq Festivalının fəxri qonağı, “rəqs edən milyonçu” ləqəbi ilə məşhurlaşmış Cankula Vakki Azərbaycan jurnalistləri ilə görüşüb.
1news.az-ın məlumatına görə, o, Bakının çox gözəl şəhər olduğunu deyib:
“Azərbaycanın paytaxtı çox müasirdir, insanları isə çox xeyirxah və qonaqpərvərdir. Bakı mənim indiyə kimi olduğum ən yaxşı şəhərlərdən biridir. Mən paytaxtınızın gözəlliyi və qonaqpərvərliyi haqqında hər yerdə danışacam və turist kimi mütləq tezliklə yenidən Bakıya qayıdacam. Həyatda heç nə planlaşdırmıram, hər şey qəfil alınır, amma Bakıda daha bir gün qalacağımı istisna etmirəm".
O bildirib ki, artıq iki həyata sahibdir: “Bu mənim istədiyim həyatdır. İş adamı idim, indi isə şou insanı olmuşam. Bu, mənim xəyalım idi”.
C.Vakki rəqsləri özü hazırladığını, xareoqrafdan kömək almadığını əlavə edib:
“Rəqslərim hamısı sponton hazırlanır. Heç bir peşəkar hazırlıq görmürük. Sadəcə bunun üçün zövq və ehtiras lazımdır. O zaman hər şey professionallıqla olur”.
C.Vakki bildirib ki, biznesi qida sənayesi üçün qablaşdırma məhsulları hazırlamaqdan ibarətdir. Əlavə edib ki, hər hansı bir Azərbaycan musiqisi qəlbinə yol tapsa, həmin musiqinin sədaları altında rəqs edəcək:
“Bu, bədahətən olacaq, mən söz verə bilmərəm. Bəlkə sabah İtaliyaya qayıtdım, bəlkə də burada qaldım. Mən incəsənət insanıyam, hisslərimlə hərəkət edirəm”.
1news.az