"Mədəniyyətlər arasında dialoq sülhün təbliği üçün şərtlərdən biridir”.
1news.az Apa-ya istinadla xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" adlı plenar sessiyada çıxışı zamanı deyib.
L. Əliyeva bildirib ki, insanlar arasında nə qədər dialoq olarsa, o qədər çox sülh üçün şərait yaranacaq:
“Azərbaycan daim dinlərin, mədəniyyətlərin qovuşduğu məkan olub. Bütün xalqlar sülh şəraitində birgə yaşayıblar. Heç kəs bunu mədəniyyətlərarası dialoq kimi görməyib. Bu, onların həyat tərzi olub. Mədəniyyətlərarası mübadilələr ümumi məqsədlərimizə nail olmaqda yeni innovativ yolların tədqiqini şərtləndirir. Yoxsulluq və aclığı aradan qaldırmaqla sülhsevər inklüziv cəmiyyətə nail ola bilərik. Dünyada 870 milyon insan hələ də aclıq və az qidalanmadan əziyyət çəkir. Bu, elə bir vaxtdadır ki ərzağın üçdə biri atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da gərginləşdirir. Məhsulların əldə edilməsi ekosistemimizə zərbə vurub. Mədəniyyətlərarası dialoqun gücləndiriməsi ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına və qorunmasına xidmət edir. Biz çalışmalıyıq ki, bu günün ərzağı gələcəyin ərzağı olsun. Beynəlxalq ictimaiyyət öz səylərini birləşdirərək ərzaq təhlükəsizliyi məsələsini mədəniyyətlərarası dialoqun gücləndirilməsi vasitəsinə çevirməlidir”.
L. Əliyeva qeyd edib ki, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişafı heç bir ölkə təkbaşına edə bilməz:
“Qlobal əməkdaşlıq bu sahədə çox vacibdir. Bu baxımdan biz İDEA təşkilatını təsis etdik. Son 5 il ərzində gənc təşkilatımız gözəl nəticələr əldə edib. Ölkə ərazisində 5 milyon ağac əkmişik. Ceyranların tamamilə məhv olunmasının qarşısını almışıq. Qafqaz bəbiri və Qafqazda bizonun artması üçün tədbirlər görmüşük. Xəzər dənizində qızıl balığın qorunması üçün İDEA Kür çayının deltasının təmizlənməsi işini görüb. Bir neçə həftə əvvəl Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağının salınması işini yerinə yetirmişik. Bunu FAO ilə birlikdə həyata keçiririk. Din, irq və inancdan asılı olmayaraq, bir planetdə yaşayırıq. İnsan fəaliyyəti təbiətin qanunlarını pozur və böyük fəlakətlər gətirir. İnsanlar bu zənginlikləri itirməli deyil. Hər kəsi dəvət edirəm ki, dialoqa hər zaman açıq olaq”.
1news.az