Dövlət Gömrük Komitəsinin əməkdaşları faşizm üzərində qələbənin 72 illiyi münasibətilə müharibə veteranları ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, mayın 4-də keçirilən görüş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində təşkil olunub.
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı tədbirdə faşizm üzərində tarixi Qələbə günü münasibətilə veteranları təbrik edib, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin təbrik məktubunu oxuyub.
Güloğlan Muradlı 1941-1945-ci illər müharibəsində qələbənin tarixi əhəmiyyətindən danışıb, bu müharibədə Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlığın unudulmayacağını və hər zaman gənc nəslə vətənpərvərlik nümunəsi olacağını vurğulayıb.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən veteranlar qanlı-qadalı illərin yaddaşlarında yaşayan anlarını xatırlayıb, faşizm üzərində qələbəyə Azərbaycan xalqının böyük töhfə verdiyini qeyd ediblər. Onlar, həmçinin Milli Ordumuzun aprel döyüşlərində erməni işğalçıları üzərində şanlı hərbi qələbəsindən qürur duyduqlarını və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan bütün ərazilərimizin azad olunacağına inandıqlarını bildiriblər.
Tədbirin sonunda veteranlara gül-çiçək dəstələri və hədiyyələr təqdim olunub.
1news.az