Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 341 ədəd qəlpə, 1 ədəd piyada əleyhinə OZM-72 minası və 1 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 22 429 kv.m ərazi (2 179 kv.m əl ilə, 12 200 kv.m mexaniki üsulla və 8 050 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Cəmi 76 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 40 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 9 ədəd piyada əleyhinə mina (OZM-72) və 72 ədəd tank əleyhinə mina (21 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 2 614 611 kv.m ərazi (516 572 kv.m əl ilə, 785 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 199 139 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 04 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 5 618 ədəd partlamamış hərbi sursat, 114 ədəd tank əleyhinə mina və 13 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 677 585 kv.m ərazi (579 546 kv.m əl ilə, 785 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 199 139 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az