Energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Hyustonda Dənizdə Texnologiyalar konfransında (Offshore Technologies Conference/OTC 2017) iştirak edib.
1news.az-a ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konfransda səfir Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, eləcə də bir sıra yerli şirkətlərin nümayəndələri də qatılıblar.
Konfrans çərçivəsində nazir Natiq Əliyev Azərbaycan-ABŞ enerji forumu və "Xəzər hövzəsində regional inkişaf: Azərbaycan, Qazaxıstan və Türkiyə enerji dəhlizi" mövzusunda seminarda çıxış edərək, ölkəmizin enerji potensialı, bu sahədə əldə etdiyi nailiyyətlər və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhun neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri barədə ətraflı məlumat verib.
Nazir həmçinin, hazırda reallaşmaqda olan Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini, onun Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını vurğulayıb. Eləcə də o, bu layihənin uğurla başa çatdırılmasında ABŞ dəstəyinin vacibliyini qeyd edib.
Eyni zamanda Azərbaycanın enerji resurslarının inkişafı və dünya bazarına çıxarılmasında ABŞ şirkətlərinin rolunu vurğulayan nazir bu sahədə yeni əməkdaşlıq imkanları haqda bəhs edib.
Bundan başqa N. Əliyev çıxışında neft-qaz sənayesində və yataqların işlənilməsində ölkəmizdə tətbiq edilən müasir texnologiyalardan danışıb, bu xüsusda regionumuzda həyata keçirilən mürəkkəb layihələrin icrasında daha yeni texnologiyaların mənimsənilməsi üçün bu kimi sərgilərin təşkili və iştirakın faydasını söyləyib.
Səfər zamanı N. Əliyevin həmçinin, ABŞ-ın hökumət rəsmiləri, o cümlədən ticarət nazirinin müavini Kenet Hyat, Hyuston şəhərinin meri Silvester Törner, İxrac-İdxal bankının yüksək vəzifəli nümayəndələri, habelə OTC sərgisində iştirak edən enerji sahəsində aparıcı şirkətlər olan ExxonMobil, BP, KBR, Statoil və digərləri ilə görüşləri keçirib.
Qeyd edək ki, OTC sərgi və konfransında 100-dən çox ölkədən ümumilikdə 6000-ə yaxın nümayəndə heyəti, 100000-çox isə ziyarətçı iştirak edib.
Pərvanə Sultanova