Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelecom”) tərəfindən istismara verilən “İctimai İnternet” şəbəkəsi IV İslam Həmrəyliyi Oyunlarınadək bir sıra ərazilərdə də aktiv olacaq.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, tezliklə Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonası, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edən insanlar pulsuz “Wi-Fi” şəbəkəsindən yararlana biləcəklər. Artıq həmin ərazilər müvafiq avadanlıqlarla təchiz edilib, təhlükəsizlik tədbirlərinin, eləcə də risklər nəzərə alınaraq aktiv zonalarda proqram təminatının tətbiqinə başlanılıb.
“Baku loves you” brendi ilə təqdim edilən layihənin əhatə dairəsi genişləndirilir və təkmilləşdirmə işləri aparılır. Belə ki, yaxın zamanda pulsuz “Wi-Fi” istifadəçiləri yeni, daha rahat qeydiyyat sistemi ilə şəbəkəni aktiv edə biləcəklər. Hazırda mobil telefon, notebook, planşet və digər portativ cihazlarla şəbəkə siyahısından “Baktelecom”u seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçib internetdən istifadə etmək mümkündür.
İndiyədək Dənizkənarı Milli Park və “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində 100 minədək istifadəçi pulsuz internet xidmətindən istifadə edib və yay mövsümünə doğru bu göstəricinin artacağı proqnozlaşdırılır. Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədilə şəbəkənin aktiv olduğu ərazilərdə quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin kütləvi istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.
1news.az