Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlıq məsələlərini təfsilatlı və kompleksli şəkildə müzakirə edəcəklər.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Türkiyə prezidenti sabah Soçiyə səfər edəcək, çox mühüm danışıqlar keçiriləcək”, - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, Türkiyə tərəfi görüşdə Suriya problemi, ikitərəfli əlaqələr, o cümlədən hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib: “Çox güman ki, digər beynəlxalq və regional məsələlər də müzakirə olunacaq”.
Peskovun “S-400” zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması məsələsinə dair suala cavabı belə olub: “Hərbi-texniki əməkdaşlıq kompleks və detallı şəkildə müzakirə olunacaq”.
1news.az