Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1534 qəlpə, 2 tank əleyhinə “TM-57” minası və dörd partlamamış hərbi sursat (1 “PQ-7VM” raketi və 3 “PQ-7” raketinin mühərrik hissəsi) aşkar ediblər.
Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə, 23 min 962 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan 1news.az-a bildiriblər ki, 74 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 571 min 851 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən mayın 2-dək 5618 partlamamış hərbi sursat, tank əleyhinə 112 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 633 min 555 kvadratmetr ərazi yoxlanılıb.
1news.az