Azərbaycan hərb tarixinin araşdırıcısı Azad Hüseynovun “Azərbaycan 1941-1945: Sovet İttifaqı Qəhrəmanları” adlı yeni kitabı işıq üzü görüb.
1news.az-ın məlumatına görə, oxucular Azad Hüseynovu İkinci dünya müharibəsi iştirakçıları olan azərbaycanlılara həsr etdiyi əsərləri ilə tanıyırlar. Xüsusilə onun “Azərbaycan 1941-1945. Aleksandr Nevski ordeni kavalerləri” və “Azərbaycan 1941-1945. Söhrət ordeni kavalerləri” kitablarını qeyd etmək lazımdır.
Oxucuların diqqətinə təqdim olunan yeni kitab azərbaycanlıların İkinci dünya müharibəsində iştirakına həsr olunmuş “Azərbaycan 1941-1945” mövzusunda böyük layihənin davamıdır.
Əvvəlkilər kimi, bu kitab da Rusiya Federasiyası Müdafiə Nazirliyinin arxiv sənədlərinə əsaslanmış və döyüş meydanlarında göstərdikləri qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş azərbaycanlılara həsr olunub.
Sovet İttifaqının mükafat sistemində ən yüksək və fəxri ad Sovet İttifaqı Qəhrəmanı adı idi. Bu adla təltif olunanlara SSRİ-nin ali ordeni – Lenin ordeni və “Qızıl ulduz” medalı verilirdi.
A.Hüseynov tərəfindən böyük iş görülüb və azərbaycanlı və Azərbaycandan cəbhəyə çağırılan 52 Sovet İttifaqı Qəhrəmanının tərcümeyi-halı müəyyən edilib.
Xüsusilə qeyd etmək lazımdır ki, Vətən tarixşünaslığında ilk dəfə olaraq müəllif tərəfindən Qəhrəman adına təqdim olunmuş, lakin müxtəlif səbəblərə görə bu adı almamış 14 azərbaycanlının (onlardan ikisi-2 dəfə) tərcümeyi-halı verilib.
Kitab əlifba prinsipi üzrə qurulub. Bu, oxucunun lazımı tərcümeyi-halı tapmasını asanlaşdırır. Dövrün xüsusi hərbi terminlərinin annotasiyaları isə qavrama prosesini yüngülləşdirir. Kitabda tarixi fotoşəkillər-təkcə qəhrəmanların deyil, həm də dövrün hərbi fotoşəkilləri verilib.
Kitabı əldə etmək üçün bu ünvana müraciət edə bilərsiniz: [email protected]
Babək Cahandarov