Suriya silahlı müxalifəti Astanada keçiriləcək danışıqlara dəvət olunub.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu silahlı qruplaşmanın nümayəndə heyətinin üzvü Fateh Hassun deyib. Onun sözlərinə görə, heç kim iştirakın əleyhinə olmayıb.
“Biz Astanaya rəsmi dəvət almışıq. Rusiya nümayəndə heyətindən də şifahi dəvət var. Hazırda silahlı qrupların heç biri Astana səfərinə qarşı çıxmır. Əksinə, onlar Rusiyanın yeni təklifinə vəziyyətin yaxşılaşdırılması kimi baxırlar”, deyə Hassun bildirib.
O əlavə edib ki, Rusiyanın prosesdə tərəf deyil, təminatçı olacağına ümid edirlər:
“Rusiya və Suriya xalqları güclü bir əlaqəyə malikdirlər. Rusiya rejimi dəstəkləyir və bu, doğru seçim deyil. Ümid edirik ki, Rusiya yaxın gələcəkdə öz yanaşmasını dəyişəcək”.
Qeyd edək ki, Suriya məsələsi üzrə növbəti danışıqların 3-4 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılır. Ekspertlər səviyyəsində görüş isə mayın 2-də nəzərdə tutulur. Danışıqlarda zamin ölkə qismində Rusiya, İran, Türkiyə çıxış edir.
Pərvanə Sultanova