Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Bakıda keçirilən ilk Şopinq Festivalı diqqətlə izləyir.
1news.az-ın məlumatına görə, bunu nümayəndəliyin rəhbərinin birinci müşaviri Denis Daniilidis Festivalın Azərbaycan üçün əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, güclü rəqabətin mövcud olduğu bu regionda Bakı vacib üstünlüklərə sahibdir. Xariclə, xüsusilə də ərəb ölkələri ilə yüksək səviyyəli hava əlaqəsinin olduğu Bakı, həm də müasir infrastruktura malikdir. Bundan əlavə, UNESCO-nun qorunan mədəni abidələri siyahısına salınmış “İçərişəhər” dövlət qoruğu, zəngin mətbəx və ən əsası, sakinlərin qonaqpərvərliyi Bakını digər şəhərlərdən fərqləndirir.
D.Daniilidis bildirib ki, artıq bir brendə çevriləcək Bakı Şopinq Festivalı isə öz xüsusi təklifləri və güzəştləri ilə Azərbaycan paytaxtını həm də tanınmış ticarət məkanı kimi məşhurlaşdıra bilər:
“Hesab edirəm ki, mədəni tədbirlərin sayını artırmaqla, yerli və xarici dizaynerlərin, modelyerlərin şopinq təklifləri ilə bu festivalın miqyasını daha da genişləndirmək olar”.
D.Daniilidis hesab edir ki, Bakının Şərqlə Qərbin kəsişdiyi coğrafiyada yerləşməsi, həmçinin şəhərdə çoxlu sayda Avropa brendlərinin mağazalarının mövcudluğu, İran və körfəz ölkələrindən çoxlu sayda turistləri cəlb edir. Amma avropalı turistlərin bu Şopinq Festivala diqqətini cəlb etmək mümkündür: “Bunun üçün bütün addımlar atılıb. Avropa qitəsi ilə yüksək səviyyəli hava rabitəsinin olması ilə yanaşı, ASAN xidməti vasitəsilə elektron vizaların əldə edilməsi avropalı turistlərin istirahət və şopinq seçimlərini məhz Bakının xeyrinə etməsi üçün geniş imkanlar açır”.
Pərvanə Sultanova