Azərbaycanda iqtisadiyyatın prioritet sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub.
1news.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin Antalya şəhərində “Türkiyə-Afrika kənd təsərrüfatı nazirlərinin 1-ci iclası və Biznes Forum”unda çıxışı zamanı deyib.
Nazir bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və regionların inkişafı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda bir sıra strateji məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixrac yönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub.
Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə səbəb olub.
Nazir H.Əsədov Azərbaycanın bir sıra Afrika ölkələri ilə sıx diplomatik əlaqələrinin mövcud olduğunu və Afrika İttifaqına daxil olan 26 ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini qeyd edərək kənd təsərrüfatının inkişaf etdirilməsində, ərzaq təhlükəsizliyinin tam təmin olunmasında beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əməkdaşlığın yüksək səviyyədə qurulmasını əsas şərtlərdən biri kimi qiymətləndirib.
Nazir H.Əsədov diqqətə çatdırıb ki, 2016-cı il ərzində Azərbaycan Afrika ölkələrindən 8,6 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib, 251 min dollar həcmində isə bu ölkələrə məhsul ixrac edib. Ümumilikdə isə kənd təsərrüfatı məhsullarının idxal və ixrac edildiyi Afrika ölkələri arasında Cənubi Afrika Respublikası, Əlcəzair, Həbəşistan, Misir, Kenya, Qana, Madaqasqar və digər Afrika ölkələr yer alır.
1news.az