Ötən gün günorta saatlarından başlayan güclü külək Xaçmaz rayonunda ciddi fəsadlar törədib.
1news.az ARB Şimal-a istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində yerləşən iki beşmərtəbəli yaşayış binasının damını külək uçurub.
Dam örtüyünün hissələri həyətdəki 3 avtomobilin üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Rayonun Ağtala kəndində külək yarımtikilini və daş hasarı uçurub. Dağılan yarımtikilinin altında qalan iki avtomobilə ciddi ziyan dəyib.
Qıraqlı kəndində isə qovaq ağacı kənd sakini Səlim Hacıyeva məxsus evin üzərinə düşüb. Həmin vaxt ailə üzvləri evdə olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə, aşan ağac evin bir hissəsini dağıdaraq, əşyaları yararsız hala salıb.
Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatını da ziyan dəyib. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Xaçmaz-Quba və Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində 10-a yaxın ağac qırılaraq yola düşüb.
1news.az