“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 27-də Qəbələ şəhərində davam edib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin gün axşam saatlarında Heydər Əliyev parkında möhtəşəm su festivalı keçirilib. Əvvəlcə tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Qəbələ sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Qəbələ rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Qəbələ mərhələsinə nəzər salınıb.
Sonra “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Nohur gölündən su ilə dolduraraq Heydər Əliyev parkına gətirən taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov, boks üzrə dünya çempionatının qızıl medalçısı Cavid Çələbiyev, rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə alqış sədaları altında səhnəyə dəvət olunub. Heydər Əliyev parkında keçirilən festival əsl xalq bayramına çevrilib. “Mirvari” rəqs qrupunun, Qəbələnin “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblının çıxışı və musiqiçi Nəcməddin Əliyevin ifası Qəbələ sakinlərində yüksək əhval-ruhiyyə yaradıb. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov jurnalistlərə müsahibələrində gələn ay ölkəmizdə 50-dən çox ölkə idmançılarının iştirakı ilə keçiriləcək beynəlxalq yarışların önəmini vurğulayıblar. Bu gün Qəbələdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində idman tədbirində iştirak etdiklərini deyən ulduz səfirlər bildiriblər ki, şagirdlər qalib olmaq üçün yarışa həvəslə qatılmışdılar. Hər kəsin üzündə təbəssüm vardı. Hamı idmançılarımızı dəstəkləyir və onların qələbə qazanmasını arzulayırdı.
Ulduz səfirlər Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi olan bu Oyunların dostluq, həmrəylik və birlik bayramına çevriləcəyini diqqətə çatdırıblar. Əminliklə bildiriblər ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə müsəlman ölkələri arasında əməkdaşlığa və dostluğa öz töhfəsini verəcək.
Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qəbələ mərhələsinə aprelin 27-də səhər saatlarında Nohur gölündən su götürülməklə start verilib. Dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatələnib. Uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.
Taekvando üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov, boks üzrə dünya çempionatının qızıl medalçısı Cavid Çələbiyev, rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Nohur gölünün suyu ilə dolduraraq Qəbələ şəhərindəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.
Sonra Qəbələ Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov çıxış edərək gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə uğurlar arzulayıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın 4 növü üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qəbələ şəhər 5, 3 və 4 nömrəli orta məktəblərin şagirdləri ümumi komanda hesabında müvafiq olaraq I-III yerləri tutublar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikat, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
Məlumat üçün bildirək ki, 37 gün ərzində ölkəmizin 15 bölgəsini əhatə edəcək Xəzərdən başlayan su səyahəti 3 min kilometr məsafəni qət etməklə mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan uşaqlar və idmançılar göl, çay, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə gələn ay Bakıya toplaşacaq İslam dünyasının 50-dən artıq dövlətinin nümayəndə heyətlərini salamlayacaqlar.
Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı aprelin 29-da Qusar rayonu olacaq.
1news.az