Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1262 qəlpə, bir ədəd “RQD-5” əl qumbarası və bir piyada əleyhinə “OZM-72” minası aşkar ediblər. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə, 47 min 161 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan 1news.az-a verilən məlumata görə, 69 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz bir partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə, 2 milyon 367 min 478 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 27-dək 5136 partlamamış hərbi sursat, tank əleyhinə 108 ədəd mina və piyada əleyhinə 12 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 426 min 242 kvadratmetr ərazi yoxlanılıb.
1news.az