Azərbaycanda tütün məmulatlarının qadağan edildiyi ictimai yerlərdə qəlyan və elektron siqaretlərin istifadəsi də qadağan edilə bilər.
1news.az-ın verdiyi xəbərə görə, bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlayihəsində əksini tapıb.
Aprelin 27-də Milli Məclisdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.
İclasda çıxış edən Araz Əlizadə bildirib ki, insan sağlamlığına zərər vuran qəlyanın istifadəsi qadağan edilməlidir:
“Qəlyandan hətta vərəm olanlar belə istifadə edir. Bu da xəstəliyin tez yayılmasına səbəb olur. Bununla yanaşı, qəlyandan narkotik kimi də istifadə olunur. Elə gənclər tanıyıram ki, siqaret çəkməsələr də, qəlyandan istifadə edir”.
Həmçinin deputat bildirib ki, qəlyanın qadağasının ərəb turistlərinin Azərbaycana gəlişinə mənfi təsir etməsinə də fikirlərini bildirib:
“Turist 10 gün qəlyan istifadə etməsə ölməz. Digər tərəfdən də, turist sevir deyə kazino da açmalıyıq?”.
Həmçinin A.Əlizadə böyüklərin yeniyetmələri siqaretə cəlb etməsilə bağlı Cinayət Məcələsinə dəyişikliklər edilməsini də təklif edib.
Xatırladaq ki, aprelin 14-də Milli Məclisin plenar iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlayihəsi müzakirə olunub. Son illər ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi əsas müzakirə mövzusu olub. Belə ki, Azərbaycanda 3 milyona yaxın siqaret çəkən var.
S.Xankişiyeva